9 Oktyabr 2020 18:12
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Türkiyə lirəsi dollar qarşısında kəskin dəyər itirir. Hazırda türk lirəsinin məzənnəsi dollar qarşısında 7,95, avro qarşısında isə 9,35 olub. Bu, rekord göstərici kimi tarixə düşüb. Maraqlidir, kursu üzərində təzyiq göstərən səbəblər nələrdir?

İqtisadçı-ekspert Xalid Kərimli Teleqraf.com-a bildirib ki, hazırki şəraitdə türk lirəsinin ucuzlaşmasının bir sıra səbəbləri var.

O hesab edir ki, lirənin dəyərsizləşməsinə təsir edən əsas amillər iqtisadi və geopolitik gedişlərdir:

“İlk öncə pandemiya ilə əlaqədar ixracat gəlirləri aşağı düşdü və turizm ixracı kəskin pisləşdi. Bu, ölkəyə gələn dollar məbləğinin azalmasına səbəb oldu. Ölkəyə dollar axınının azalması fonunda xarici valyutada borc öhdəliyinin həcmi yüksək olaraq qalır. 2020-ci ilin sonlarına doğru iri məbləğli borc ödənişlərinin ödənmə vaxtının yaxınlaşması lirə üzərində təzyiqi daha da gücləndirir”.

İqtisadçı deyir ki, Qafqazda müharibənin başlanması və Aralıq dənizində Yunanıstanla gərginliyin yüksəlməsi lirəni çətin vəziyyətə salır: “Türkiyənin yeni müharibələrə cəlb olunma ehtimalının yüksəlməsi lirəni ucuzlaşdırır. Amerika ilə gərginliyə səbəbi olan S-400 raket müdafiə sisteminin testlərə hazırlanması ABŞ-ın sanksiya tətbiqiehtimalını artırır və lirəyə mənfi təsir göstərir”.

Lirənin ucuzlaşma həddinə gəlincə, Xalid Kərimlinin fikrincə, bu, lirənin ucuzlaşmasına səbəb olan amillərin təsir dərəcəsinin güclənməsindən və ya zəifləməsindən asılı olduğunu deyib:

“Hazırki şərtlər çərçivəsində lirənin ehtimal olunan hərəkət intervalı 7.40-8.00 arasındadır. Lakin pandemiyanın ölkələr arasında iqtisadi əlaqələrin bərpasına təsir miqyasının yüksəlmə ehtimalı lirəni daha da ucuzlaşdıra bilər. Türkiyə Mərkəzi Bankının lirənin daha da ucuzlaşmasının qarşısını almaq cəhdləri (svop əməliyyatlarındakı faiz dərəcələrinin artırılması və sair tədbirlər) lirənin ucuzlaşmasının qarşısını ala bilər”.

Analitikin sözlərinə görə, Türkiyənin milli valyutasının ucuzlaşması ilkin mərhələdə Azərbaycana bu ölkədən idxal edilən məhsul və xidmətlərin ucuzlaşmasına gətirib çıxaracaqr: “Eyni zamanda Azərbaycan manatının dollara fiksə edilməsi xarici valyutalar qarşısında dəyərini itirən lirənin manat qarşısında da ucuzlaşmasına səbəb olur ki, bu da ölkəmizdən Türkiyəyə ixrac edilən məhsul və xidmətlərin qiymətinin bahalaşması kimi təzahür edir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər