13 Oktyabr 2020 10:49
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Mərkəzi Bankı və İraq Ticarət Bankı rəsmi Tehranın maliyyə qaynaqlarının sərbəst buraxılması ilə bağlı razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Abdulnasır Himmeti açıqlayıb.

Abdulnasır Himmeti Bağdada birgünlük rəsmi səfəri çərçivəsində iraqlı həmkarı Mustafa Qalib və İraq Ticarət Bankının sədri Səlim Cavad Əbdülhadi əl-Çələbi, İraqın Baş naziri Mustafa əl-Kazımi və İraq Maliyyə Naziri Əli Abdulemir Allavi ilə görüşüb. O, görüş zamanı aparılan danışıqlar barədə məlumat verib:

“İraq bankları elektrik və təbii qaz ixracatı sayəsində İranın əhəmiyyətli maliyyə qaynaqlarına sahibdir. İranın İraqdakı maliyyə qaynaqları əsas ehtiyacların alınması üçün sərbəst buraxılacaq".

Sözügedən ehtiyacların ABŞ-ın iqtisadi sanksiyaları ilə əhatə olunmadığını bildirən Himmeti, İraq banklarında ölkəsinə aid nə qədər pulun olduğunu açıqlamayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 8 may 2018-ci ildə İranın ABŞ dollarına çıxışını, dövlət istiqrazlarını və qızıl və digər qiymətli metalları, polad, alüminium, kömür kimi metalları satmağı, o cümlədən sərnişin təyyarələri və ya hissələrinin idxal etməsini əngəlləyərək nüvə anlaşmasından çıxdığını elan etmişdi. Sanksiya paketi rəsmi olaraq 3 ay sonra tətbiq olundu.

ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi 180 günlük müddət bitdikdən sonra 5 noyabr 2018-cı ildə qüvvəyə mindi. Buna görə, İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər tətbiq edilərkən, iqtisadiyyatı əhəmiyyətli dərəcədə neftə əsaslanan İrandan neft və məhsulların satışına qarşı sanksiyalar tətbiq edilmişdi.


Müəllif: Yeganə Oqtayqızı