15 Oktyabr 2020 09:10
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhdud enerji qaynaqlarına malik Ermənistanda daxili mənbələr tələbatın cəmi 30-35 faizini ödəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir.

Açıqlamaya görə, Ermənistana enerji əsasən Rusiya, İran və Avropa ölkələrindən idxal olunur. Bu zaman isə Ermənistanın enerji sektorunun qarşısında üç əsas problem meydana çıxır: daim yaranan təchizat boşluğunun doldurulması; enerji təchizatında etibarlığın qorunması; tariflərin daim əlçatan olaraq saxlanılması.

Ermənistanda ümumi enerji təchizatının 57 faizi təbii qaz, 20 faizi nüvə yanacağı, 11 faizi bərpa olunan enerji mənbələri, 10 faizi neft, 2 faizi kömür və digər mənbələr hesabına ödənilir.

Ölkədə təsdiqlənən neft və ya təbii qaz ehtiyatları yoxdur, ölkə idxaldan asılıdır (ümumi enerji təchizatının 65-70 faizi). Neft və neft məhsulları əsasən Gürcüstan, İran, Rusiya və bəzi Avropa ölkələrindən idxal olunur. Təbii qaz Rusiyadan Gürcüstan ərazisindən tranzit boru kəməri ilə, elektrik enerjisi əvəzinə barter müqaviləsi əsasında İrandan idxal olunur. Eyni zamanda, nüvə yanacağının da əsas təchizatçısı Rusiyadır.

Ermənistanda elektrik enerjisi istehsalı əsasən 3 mənbə hesabına həyata keçirilir. Birinci, stansiyanın il ərzində işləmə müddətinə və nüvə yanacağının idxal səviyyəsinə uyğun olaraq elektrik enerjisi tələbatının 25-50 faizini istehsal edən Metsamor atom elektrik stansiyası, ikinci, yağıntıların səviyyəsindən asılı olaraq ölkənin ehtiyaclarının təxminən 20-40 faizini təchiz edən hidroelektrik stansiyalar, üçüncü, təbii qazla işləyən istilik elektrik stansiyalarıdır.

2019-cu ildə Ermənistanda istehsal olunan elektrik enerjisinin həcmi 7.3 milyard kVts olub. Onun 27.8 faizi nüvə elektrik stansiyasında, 39.9 faizi istilik elektrik stansiyalarında, 32.2 faizi SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri hesabına və 0.1 faizi digər mənbələr hesabına istehsal olunub.

Əsas sərhədyanı qonşu ölkələrlə (Azərbaycan və Türkiyə) siyasi münasibətlərin gərgin olması nəticəsində enerji şəbəkələrinin sinxronlaşdırılmaması, Azərbaycan və Türkiyə bazarlarının Ermənistan üçün bağlı olması ölkənin elektrik enerjisi ixracına ciddi mənfi təsir göstərir.

Ölkənin əsas elektrik istehsalı müəssisəsi olan Metsamor stansiyası təkcə Ermənistan üçün deyil, bütün regiona təhlükə hesab olunur. Onun istismardan çıxarması ilə əlaqədar Ermənistana beynəlxalq təzyiqlər mövcuddur. Bununla belə, Ermənistan hökuməti bu stansiyanın bağlamaq istəmir və stansiyanın istismar müddətinin 2028-ci ilə qədər uzadılması məqsədilə tələb olunan təxminən 300 milyon ABŞ dolları vəsaiti Rusiya krediti hesabına maliyyələşdiriləcək.

Lakin ölkədə elektrik enerjisinə olan tələbatın illik 2-3 faiz artacağını nəzərə alaraq, Metsamor stansiyasının əvəzlənməsi ilə bağlı təzyiqlərin artması enerji sabitliyi baxımından ölkənin qarşısında duran ciddi problem olaraq qalır. Ermənistan isə öz növbəsində Rusiyadan daha çox qaz idxal etməməkdən ötrü region üçün ekoloji təhdid hesab olunan Metsamor stansiyasının fəaliyyətinin davam etdirməyə üstünlük verir.

Təbii qaz ölkənin enerji sektorunda yüksək paya malikdir. Ölkənin daxili bazarında təbii qazın nəqli, saxlanması, paylanması və satışı ilə bağlı bütün xidmətlər Rusiyanın "Qazprom" şirkətinin 100 faiz törəmə müəssisə olan “Qazprom Armenia” tərəfindən göstərilir. 2014-cü ilin yanvarından etibarən bu şirkət Ermənistan hökumətinin nəzarətində olan son 20 faizlik payı satın alaraq ölkədə vahid qaz təchizatçısına çevrilib. Ermənistanın elektrik enerjisinə olan tələbatının 2019-cu il üzrə təxminən 40 faizini təmin edən istilik elektrik stansiyaları təbii qazla işləyir və bu da Ermənistanı idxal olunan rus qazından asılı vəziyyətə gətirir.

Ermənistana qaz təchizatı əsasən 2 boru kəməri vasitəsilə həyata keçirilir: İran-Ermənistan qaz kəməri və Rusiya-Gürcüstan-Ermənistan boru kəməri.

İran-Ermənistan qaz kəməri Ermənistanın qaza olan tələbatını (illik 2.3-2.5 milyard kubmetr) təxminən 2 qatı həcmində ölkəni qaz ilə təmin etmək gücünə malikdir. İstifadəyə verildiyi ilk illərdə İran təbii qazı ilə Ermənistan elektrik enerjisi barter olunurdu. Lakin ölkənin qaz təchizatının Rusiya şirkətinin inhisarına keçməsi İran qazına olan marağı azaldıb.

Ermənistan üçün Rusiya qazı tarixən güzəştli şərtlərlə satılıb və 2014-2019-cu illər ərzində qazın 1000 kub metrinin orta qiyməti 165 ABŞ dolları səviyyəsində olub. Bu isə Rusiyanın Avropaya satdığı qazdan təxminən 50 faiz daha ucuz qiymətdir. Yaranan fərq Rusiya hökuməti tərəfindən subsidiyalaşdırılıb. Eyni zamanda, Rusiya-Gürcüstan-Ermənistan boru kəməri ilə Ermənistana idxal olan qaza görə Ermənistan özünə çatmalı olan qazın təxminən 10 faizi həcmində Gürcüstana tranzit haqqı ödəyir ki, bu da Rusiyanın güzəştli şərtlərlə satdığı qazın həcmini artırmaqla qaz satışı ilə əlaqədar itkilərini daha da çoxaltmış olur.

2020-ci ildən etibarən koronavirus pandemiyasının genişlənməsi nəticəsində qlobal iqtisadiyyatda tələbin kəskin azalması təbii qaz tariflərinə də təsirsiz ötüşməyib. İlin 1-cü rübündən etibarən qaz tarifləri kəskin ucuzlaşıb və Rusiyanın Avropaya satdığı təbii qazın qiyməti hər 1000 kub metr üçün 65-87 ABŞ dolları səviyyəsində dəyişıb ki, bu da Ermənistana satılan qazın dəyərindən 2-2.5 dəfə aşağı qiymət olub. Belə olan halda Ermənistan daha ucuz qaz əldə etmək üçün İranla danışıqlara başlaması və ya Rusiya ilə tariflərin yenidən nəzərdən keçirilməsi məsələsini qaldırıb. Bu isə Ermənistanın enerji təchizatında və təhlükəsizliyində daim xüsusi rol oynayan Rusiyaya vurulan zərbə olardı.

Ümumilikdə Ermənistanda kommunal sektorun inhisarlaşması, xarici bazarlara çıxış imkanlarının məhdudluğu ölkədə kommunal xidmətlərin tariflərinin yüksəlməsi ilə nəticələnib. Qeyd olunan faktor isə özünü istehlak səbətində əks etdirib və kommunal xidmətlərin istehlak səbətində payı son illər ortalama olaraq 17-20 faizlik səviyyədə olub.

Təhlillər göstərir ki, hər bir ölkə üçün iqtisadi təhlükəsizliyin əsas komponenti olan enerji təhlükəsizliyi Ermənistanda təmin edilməyib.

Ermənistanın enerji təhlükəsizliyi bütün region üçün ekoloji təhdid sayılan Metsamor stansiyası üzərində qurulub. Metsamor stansiyasının əvəzlənməsi nəticəsində yaranacaq enerji defisitinin qısa müddətdə təmin olunması yalnız istilik elektrik stansiyalarının hesabına mümkündür.

Ermənistan isə stansiyanın istismar müddətini uzatmaqla Rusiyadan daha çox qaz almaq və qazdan asıllılığını artırmaq istəmir.

Ölkənin tez-tez dəyişən xarici siyasət kursu beynəlxalq səviyyədə Ermənistana dair etibarsız tərəfdaş imici formalaşıb və bu da enerji təhlükəsizliyi məsələsini daim sual altında saxlayır. Ermənistanın sərgilədiyi sürüşkən siyası mövqe və təcavüz siyasəti ölkəni mühüm regional və qlobal enerji layihələrindən kənarda qoyub və Ermənistan coğrafi baxımdan əlverişli tranzit imkanlarından məhrum olub.


Müəllif: Yeganə Oqtayqızı