21 Oktyabr 2020 14:23
6 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı-ekspert Vüsalə Əhmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Vüsalə xanım, dünən Prezident İlham Əliyev Azərbaycan Ordusunun Zəngilanı işğaldan azad etdiyini açıqladı. Məlumdur ki, Zəngilan qızıl ehtiyatlarına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci yerdədir. Rayonun işğaldan azad olunması ölkə iqtisadiyyatında özünü hansı formada büruzə verə bilər?

- 1993-cü il oktyabrın 28-də ermənilər tərəfindən zəbt edilən Zəngilanı 27 ildən sonra özümüzə qaytardıq. Məlumdur ki, ərazi zəngin təbii ehtiyatlara malikdir. Rayonda hesablanmış ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” qızıl yatağı, ehtiyatları 6.618 min kub metr olan üzlük daşı istehsalına yararlı “Oxçuçay” mərmərləşmiş əhəngdaşı yatağı, bundan əlavə, ehtiyatları 129 min ton olan “Daşbaşı-Esgurum” əhəngdaşı yatağı, ümumi ehtiyatları 28.943 min kubmetr olan Bartaz-I və Bartaz-II porfirit yataqları, ehtiyatları 1.102 min kubmer olan kərpic istehsalına yararlı gil və 17.367 min kubmetr olan qum-çınqıl yataqları mövcuddur. Bu kimi təbii sərvətlərin ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təkan verəcəyi açıq görünür.

Bilirik ki, Kəlbəcər və Zəngilan ərazilərində yerləşən qızıl yataqları illərdir ermənilər tərəfindən istismar edilib. Bu yataqların xammalı Ermənistandakı Ararat qızıl fabrikinə daşınır və həmin fabrikdə külçə halına salınaraq Rusiya və digər ölkələrə satılırdı. Ermənistan büdcəsinin 51 faizini Kəlbəcər və Zəngilan ərazilərində qızıl yataqlarından çıxarılan qızılın satışından əldə edilən gəlir təşkil edir.

Kanadanın “First Dynasty Mines” (FDM) şirkəti işğal altında olan Kəlbəcər rayonunun “Söyüdlü” qızıl yatağının istismarını həyata keçirir. Qızıl ehtiyatlarının təqribən 40 ton olduğu hesablanan “Söyüdlü” yatağından FDM şirkəti 2003-cü ildə 2 ton, 2004-cü ildə 2,5 ton, 2005-ci ildə 3 ton, 2006-cı ildə isə 5 tondan artıq qızıl hasil edib. Cari qiymətlərlə hesablasaq Azərbaycana təqribən 600 milyon dollardan artıq zərər yetirilib.

- Rayon ərazisində digər dəyərli metal yataqları olduğu da məlumdur. Bu da rayonun yeni iqtisadi analizlərin aparılmasını tələb edir...

- Rayon ərazisi az əvvəl də qeyd etdiyim kimi qızıl və mis kimi dəyərli metallarla və sənaye əhəmiyyətli ehtiyatlarla zəngindir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu, o cümlədən, hazırda işğal altında olan ərazilərindəki mövcud təbii sərvətlərin Ermənistan tərəfindən yağmalandığına, bu ərazilərdəki qızıl yataqlarının beynəlxalq şirkətlərə satıldığına dair çox sayda dəlillər mövcuddur.

İllərdir işğalçı Ermənistan Zəngilan rayonu ərazisində “ekoloji terror” həyata keçirib. Zəngilan meşələrindən kəsilən ağaclar ermənilər tərəfindən bəzi Avropa şirkətləri vasitəsilə qonşu ölkələrə daşınırdı. Xüsusilə, Beşitçay Milli Parkındakı çinar ağacları erməni işğalçıları tərəfindən kəsilərək inşaat materialları istehsal edən xarici şirkətlərə satılırdı.

Zəngilan turizm potensialı yüksək olan rayondur. Rayonda 107 hektar sahəsi olan Beşitçay Dövlət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlığı, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıd meşəsi, 12.864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət Yesentuki-4 suyuna tərkibcə uyğun gələn mineral bulaqlar, Turşsu mineral bulaqları mövcuddur.

1974-cü ildə qurulan 107 hektar ərazisi olan Beşitçay Milli Parkında dəyərli ağaclar mövcuddur ki, bəzilərinin yaşı 1200-1500 ili keçir. Bütün bunlar bögənin turizm potensialının bir göstəricisidir.

- Turizm üçün nə lazımdır?

- İlk öncə ölkənin təbii-coğrafi, infrastruktur və tarixi potensialını müəyyənləşdirmək, sonra isə bölgələr arasında fərqlilikləri ortaya çıxarmaq... İqtisadi faydanı ən yüksək həddə çatdırmaq üçün isə keyfiyyət və fərqlilik mütləqdir. Məsələn, Zəngilan rayonu termal sularla zəngin olduğu üçün burada müalicəvi sanatoriya tipli turizm obyektləri inşa edilə, o cümlədən, müxtəlif tarixi abidələrin, xristianlığa və islama aid müxtəlif ziyarətgahların yerləşdiyi ərazilərdə dini-ziyarət turizm növləri, dağlıq ərazilərdə dağ-idman turizmi təşkil oluna bilər.

- Zəngilanın kənd təsərrüfatının əsasını nə təşkil edib?

- Sovet İttifaqı dövründə rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, əsasən də üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi. Rayon ərazisində 3 min hektar üzüm bağları mövcud idi, üç üzüm emalı zavodu fəaliyyət göstərirdi. Təəssüf ki, işğalçılar rayon ərazisindən daha çox narkotik bitkilərin becərilməsi və buradan da İrana daşınması üçün istifadə edirdilər.

Bu həqiqət nə qədər ermənilər tərəfindən təkzib edilsə də, işğal altındakı ərazilərdə narkotik maddələrin yetişdirilməsi, Rusiya və Avropa bazarlarına daşınması ilə bağlı bir çox fakt məhkəmələrdə qeydə alınıb.

- Zəngilan Naxçıvan Muxtar Respublikasına ən yaxın quru sərhəddidir, eyni zamanda işğaldan azad olunması ilə Cənubi Azərbaycanla olan bütün quru sərhədlər də bərpa edilir. Tarixi sərhədlərin bərpası idxal-ixrac əməliyyatlarına nə kimi töhfələr verə bilər?

- Təbii ki, tarixi sərhədlərimizin bərpası Cənubi Azərbaycanla olan idxal-ixrac əməliyyatlarına öz töhfəsini verəcək. Ancaq burada digər bir məsələyə toxunmaq istərdim. Azərbaycanın Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına, oradan da Avropaya açılan qərb istiqamətindəki quru yolu bilirik ki, Ermənistan tərəfindən blokada şəraitindədir. O da məlumdur ki, Naxçıvan Muxtar Respublikası üçün dəmiryolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir.

Araz çayı boyunca Bakı-İrəvan dəmiryolu keçir ki, həmin dəmiryolunun Culfa-Zəngilan rayonu hissəsi 1941-ci ildə istifadəyə verilib. Culfadan isə Təbrizə qol ayrılır. Qarabağ müharibəsi nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan və muxtar respublikanı Azərbaycana bağlayan dəmiryolu xətti 1992-ci ilin 24 aprelindən etibarən tamamilə kəsildi və həmin vaxtdan Naxçıvan MR Azərbaycandan təcrid olunmuş vəziyyətdədir.

Bu, inşası planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üçün də çətinliklər yaranır. Zəngilan-Culfa dəmiryolunun bərpası bölgə iqtisadiyyatı üçün deyərdim ki, çox vacib rol oynayır. Qarabağ probleminin kökündən həlli, Naxçıvanla quru yolunun bərpasına və muxtar respublikanın blokada şəraitindən çıxmasına təkan verə bilər.

Əlbəttə, zəngin enerji ehtiyatları ilə bölgədə diqqətləri üzərinə toplayan Azərbaycanın sosial-iqtisadi inkişafını gecikdirmək istəyən Ermənistan və bu ölkənin dəstəkçiləri problemin kökündən həllində maraqlı deyillər. Ancaq 2020-ci ilin bir dönüşüm ili olacağına inanıram.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər