23 Oktyabr 2020 17:54
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları işğalda saxlaması ilə Azərbaycanın iqtisadi inkişafına çox böyük əngəl törətmişdi. İşğal səbəbindən Azərbaycanın xüsusən əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su çatışmazlığı yaranmışdı.

Qarabağda ümumilikdə 24 su anbarı olub, bunlardan 3 su anbarı qəzalı vəziyyətdədir. 22 meliorasiya təyinatlı su anbarından 7-si, eyni zamanda balıqçılıq məqsədləri üçün istifadə edilir. 2 su anbarı isə enerji mənbəyi təyinatlıdır.

Bu obyektlər sırasında işğal altında qalmış su anbarlarından ən böyüyü Sərsəng su anbarıdır. Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarının ümumi tutumu 565 milyon kubmetrdir. Su anbarı 120 min hektar ərazinin suvarılması üçün layihələndirilib. Tərtər çayının yığıldığı bu su anbarından çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 78 min hektar əkin sahəsi suvarılırdı.

İqtisadçı-ekspert Akif Nəsirli Teleqraf.com-a bildirib ki, Azərbaycanın ümumi su ehtiyatlarının təxminən 50 faizə qədəri məhz işğal altında olan ərazilərdə formalaşır.

O bildirib ki, ümumilikdə 125,8 min hektar suvarılan torpaq ərazilər işğal edilib: “Azərbaycanın Tərtər və Araz çayları, eləcə də Kür çayının yuxarı hissəsi, həmçinin Tərtər su anbarı, Dağlıq Qarabağ ətrafı rayonlarda çoxlu sayda bulaqlar, çeşmələr, dağların buzlaq örtüyü kimi su ehtiyatları var. Digər tərəfdən, İran işğal olunmuş ərazilərdə su anbarları tikib. Bu su anbarlarından İran və Ermənistan işğal altında olan əraziləri suvarırdı. Ona görə də işğal olunmuş ərazilərin qarışması ilə ölkənin su ehtiyatının formalaşma potensialı bir qədər də güclənəcək. Yəni indiyə qədər Suqovuşan, Sərsəng su anbarı, digər tərəfdən Araz çayının yuxarı axarları hamısı işğal altında idi.

Biz o ərazilərə nəzarət edə bilmirdik, buna görə də ölkənin su təminatını idarə etmək çətin olurdu. Hesab edirəm ki, həmin ərazilərin işğaldan azad edilməsi ölkənin su ehtiyatlarının idarəetmə potensialını bir qədər də gücləndirəcək”.

Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanın su ehtiyatları bütün suvarılan ərazilərin il ərzində ən azı 6-7 dəfə suvarılması üçün yetərlidir: “Sadəcə olaraq bu potensialı idarə etmək lazımdır. İndiyə qədər olan su qıtlığının torpaqların işğal altında olması ilə müəyyən əlaqəsi var idi. Amma ölkənin su çatışmazlığına təsir edən əsas amil suvarılan su ehtiyatlarının idarə edilməsində olan problemdir.

Demək olar ki, bu gün Azərbaycanda suvarılma suyu idarə edilmir. Yəni buna cavabdeh olan konkret bir qurum yoxdur. Su bir mənbədən götürülüb, suvarma obyektinə çatana qədər bütün proseslərə nəzarət edən bir qurum olmalıdır. Aradakı boşluqlara görə, ölkədə suvarılma suyunda çatışmazlığı yaranır”.


Müəllif: Yeganə Oqtayqızı