24 Oktyabr 2020 10:30
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatskanyanın 90 min Qarabağ ermənisinin Ermənistana gələrək qaçqın kimi onlara sığındığı fikrini iqtisadçı-alim Qubad İbadoğlu şərh edib.

Teleqraf.com-un məlumatına görə, Qubad İbadoğlu bildirib:

“Açıqlanan rəsmi məlumatlara inansaq, Dağlıq Qarabağın əhalisi 146 min nəfər olub. Belə çıxır ki, Qarabağda hələ 55 min nəfər əhali qalır. Statistik məlumat göstərir ki, Qarabağın əhalisinin 55,2 mini Xankəndində, 24,3 mini Xocavənddə, 19,9 mini Ağdərədə, 18,1 mini Əsgəranda, 13,6 mini Hadrutda, 9,3 mini Kaşatağda (Laçın-Qubadlı-Zəngilan ərazisi belə adlandırıblar), 5,4 mini Şuşada, 3,1 mini Şahumyanda (Kəlbəcərin belə adlandırıblar) yaşayıb”.

İqtisadçı qeyd edir ki, yenilməz Azərbaycan Ordusu Xankəndi-Şuşa-Lacın-Gorus yolunu tezliklə nəzarətə götürəndən sonra ermənilərin Qarabağdan çıxması üçün yeganə yolu Ağdərə-Kəlbəcər-Göycə qalır:

"Əslində onlar və bizim üçün mümkün olan variantlar arasında ən yaxşısı ermənilərin tez bir zamanda gəldikləri yerə qayıtmasıdır. Bu gedişlə yaxın zamanlarda Ermənistana sığınan qaçqınların sayı 100 mini ötəcək. Bu da onsuz da çətin durumda olan Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salacaq.

Müharibədə 1 milyard dollardan çox hərbi texnika itirən, ötən 15 gün ərzində hərbiyə ən azı o qədər də vəsait xərcləyən Ermənistanın iqtisadiyyatını qaçqınların saxlanması üçün tələb olunan əlavə xərclər daha pis duruma salır. Bir tərəfdən pandemiya sahəsində hər gün rekord təzələyən ölkə kütləvi sürətdə virusa yoluxmaqdadır, təkcə dünən infeksiya aşkarlananların sayı 2472 nəfər olub, ötən gün bu səbəbdən 14 nəfər ölüb”.

Qubad İbadoğlunun sözlərinə görə, bu ilə nəzərdə tutulan 4 milyard dollarlıq büdcəni ÜDM-də 2,3 faiz kəsirlə proqnozlaşdıran Ermənistanda hazırda büdcə kəsiri 5,4 faizə çatıb: “Ölkənin xarici borclarının ÜDM-də payı 60 faizi ötüb. Ermənistanda rəsmi işsizlik səviyyəsi 20 faizin üzərindədir, bu səbəbdən xüsusilə də gənclərin miqrasiyası artır. Bu vəziyyətlə ölkəni fəlakətə aparan siyasi rəhbərlik hərbi cinayətlərindən və yalançı təbliğatlarından da əl çəkmir.

Hesab edirəm ki, bu gedişlə Ermənistan iqtisadiyyatı davam gətirə bilməyəcək, bu ilin sonuna defolt vəziyyətinə düşəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər