“Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, hazırda Türkiyədə 1 dollar 8 lirə nisbətindədir: “Siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin həcmi azalmaqdadır. Ötən illə müqayisədə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə mənfi təsir göstərir”.
Vüqar Bayramovun qənaətincə, Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri gücləndirib: “Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərdə sanksiyaların tətbiqi mümkünlüyü də müzakirə olunur.
Türkiyənin cəlb etdiyi xarici birbaşa investisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür.
Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq. Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhfə verməsi çox vacibdir.
Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər. Gəlin Bir Millət, İki Dövlət birliyinə hamımız töhfə verək!”