“Zəngilan rayonu ərazisindəki Vejnəli qızıl yatağının Azərbaycan iqtisadiyyatına verə biləcəyi xeyir 4-5 milyard dollara yaxındır”.
Bunu Teleqraf.com-a iqtisadçı-ekspert Pərviz Heydərov işğaldan azad olunan Zəngilan rayonu ərazisində Vejnəli qızıl yatağının Azərbaycan iqtisadiyyatına faydalarını şərh edərkən deyib.
İqtisadçı qeyd edib ki, yataqlarla bağlı müxtəlif hesablamalar var: “Bəzi hesablamalarda qızıl ehtiyatlarının hazırkı bazar qiymətlərinin 8 milyard ABŞ dolları olduğu qeyd olunur. Zəngilanla yanaşı Azərbaycanın digər qızıl yatağı Kəlbəcərdə yerləşir. Hər iki rayonda təxminən üç yatağın olduğu deyilir. İlkin dəyərləndirmələrə görə, təkcə Vejnəli qızıl yatağının Azərbaycan iqtisadiyyatına verə biləcəyi xeyir 4-5 milyard dollara yaxındır. Amma yatağın yeraltı istismarından sonra bu rəqəmin artma ehtimalı çox yüksəkdir. Təbii ki, öncə bu yatağın işlənməsi kimi bir sıra məsələlər öz həllini tapmalıdır”.
Ekspert vurğulayıb ki, Azərbaycanın yeraltı və yerüstü təbii sərvətləri olduqca zəngindir: “Artıq 30 ilə yaxındır ki, torpaqlarımızın 20 faizi işğal altında idi. Sentyabrın 27-dən Ordumuzun əks-hücumları nəticəsində bu ərazilər tədricən işğaldan azad edilir. Həmin torpaqların görüntülərinə baxdıqda birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın yeraltı və yerüstü sərvətləri ilə zəngin olan ərazisi Qarabağdır. Bu cəhətinə görə, Qarabağ XVIII əsirdən üzü bəri düşmən qüvvələr tərəfindən Azərbaycandan qopardılmağa cəhd edilib”.
Analitik ümumilikdə işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağının olduğunu deyib: “Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. Yeraltı ehtiyatlar içərisində qızıl yataqları mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanda qızıl ehtiyatlarının üzə çıxarılmasına və bu qiymətli metalın xaricə satışı ilə əlaqədar bütün proseslər yaxın vaxtlarda başlanılıb. Baxmayaraq ki, sovet dövründə də Azərbaycanın qızıl ehtiyatları olub, amma sənaye üsulu ilə qızıl metalının hasil edilməsinə təxminən 90-cı illərdə başlanılıb. Bununla bağlı Azərbaycanın Böyük Britaniya şirkəti ilə 30 illik müqaviləsi var. Həmin müqaviləyə əsasən, hazırda Daşkəsəndə və Gədəbəydə qızıl yataqlarının hasil olunması prosesi gedir”.
Pərviz Heydərovun sözlərinə görə, Ermənistan işğal altında saxladığı müddətdə Azərbaycan ərazilərində milli sərvətlərimizin talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var: “Həmin yataqların qeyri-qanuni yolla istismarına dair müəyyən faktlar var. Hətta Laçın, Kəlbəcər və digər işğal olunmuş Azərbaycan rayonlarının ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə cinayət işləri başlanıb. Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” QSC 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Bütün bu faktlarla bağlı Azərbaycan hüquq mühafizə orqanları 3 nəfər barəsində beynəlxalq axtarış elan edib.
Həmin yataqların təkrar Azərbaycanın nəzarətinə keçməsi çox mühüm bir hadisədir. Gələcəkdə səhmləri 100 faiz dövlətə məxsus olan “AzerGold” şirkətinin xarici şirkətlərlə Vejnəli qızıl yatağı üzrə dövlətin müvafiq strategiyasına uyğun olaraq yeni müqavilələr imzalama ehtimalı çox yüksəkdir. Bundan sonra həmin yataqlardan Azərbaycan iqtisadiyyatı üçün xeyir götürməyə başlana bilər”.