Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Emin müəllim, son dövrlərdə dünya neft bazarlarında qiymətlərin yenidən enməsinə təsir göstərən əsas faktor nədir?
- Ümumiyyətlə, payız aylarında neftə olan tələbatda əsasən azalma tendensiyası müşahidə edilir. Çünki insanlar yaz ayları ilə müqayisədə daha az səyahət edir. Bununla yanaşı, avqust ayından başlayaraq oktyabr ayının sonuna qədər bir çox neft emalı zavodları (NEZ) planlı olaraq təmir-bərpa işlərinə dayanır. Bu zaman təbii olaraq NEZ-lərdə emal həcmi də azalır. Eyni zamanda pandemiya səbəbi ilə hazırda neft emalı müəssisələrinin gəlir marjlaraında ciddi azalma müşahidə edilir. Ona görə bu dövrdə bəzi müəssisələr təmir-bərpa prosesini bir az da uzatma yoluna gedib. Yəni, az marja ilə işləmək yerinə, uzun zamandır yığılan və ehtiyac olan təmir-bərpa işlərini bu dönəmdə həyata keçirməyə üstünlük verirlər.
Son dövrlərdə neft qiymətlərinin kəskin aşağı düşməsinə təsir edən əsas faktor tələb və təklif arasında disbalansın yenidən artmasıdır. Bir tərəfdən bir sıra ölkələrin hasilatında artım dinamikası müşahidə olunur, digər tərəfdən isə pandemiyanın ikinci dalğasının gəlməsi ilə bərabər bazarda qeyri-müəyyənlik güclənib.
Bildiyiniz kimi aprel ayında tələb və təklif arasındakı disbalans gündəlik 30 milyon barelə qədər qalxmışdı. Təbii ki, bu da öz növbəsində anbarların sürətlə dolmasına və məhdud yerlərin qalmasına gətirib çıxarmışdı. O dövrdə qiymətlərin kəskin enişini müşahidə etdik. Hazırda təklifdə yenidən artım müşahidə edilir.
- Neft hasil edən ölkələr siyahısına liderlik edən dövlətlərin ümumi mənzərəsi necədir? Hansı ölkələrin hasilatında əsasən artımlar müşahidə edilir?
- Son dövrlərdə Şimali Amerikada və Kanadada aktiv qazma qurğularının sayı kəskin şəkildə artır. Qazma qurğularının artması, gələcəkdə hasilatın artımına təkan göstərir. Ardıcıl 5 həftədir Amerikada qazma qurğuları artmağa davam edir. 23 oktyabr həftəsində ABŞ-dakı qazma qurğularının sayı 6 ədəd artaraq 211-ə yüksəlib. Bu, may ayının 29-dan etibarən ən yüksək göstəricidir.
Bu da Amerikadakı neft hasilatının kəskin artması ilə nəticələndi. Ötən həftə müşahidə etdik ki, ABŞ-da gündəlik neft hasilatı 1.2 milyon barel artaraq 11.1 milyon barelə yüksəlib. Həftə ərzində hasilatda bu qədər artım rekord sayıla bilən göstəricidir.
Kanada dünyanın dördüncü ən böyük neft hasilatçısıdır. Müşahidələr göstərir ki, Kanada da eyni tendensiyanı davam etdirir. Ötən həftə bu ölkədə aktiv qazma qurğularının sayı 3 ədəd artaraq 43-ə çatıb. Bu, mart ayının 20-dən etibarən ən yüksək göstərici hesab olunur.
Qeyd edim ki, Kanadada bu göstərici iyun ayında 4-ə qədər düşmüşdü. Çünki neft qiymətlərinin kəskin azalması fonunda Kanadanın hasilatı təqribən mart-may ayları arasında orta hesabla gündəlik 1 milyon barel azalmışdı. Artıq may ayı ilə müqayisədə azalan 1 milyon barelin 700 min bareli bərpa olunub.
Son dövrlərdə Braziliya və Liviyanın hasilat həcmlərində də artımlar müşahidə olunur. Braziliya dövlət neft şirkəti “Petrobras”ın hasilatı cari ilin ilk 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb. 2020-ci ilin tamamında bu şirkətin gündəlik neft hasilatı orta hesabla 2,84 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.
Liviyanın daxilində yaranan qarşıdurma səbəbindən ölkənin neft hasilatı gündəlik təqribən 1.2 milyon bareldən 120 min barelə qədər azalmışdı. Hazırda qarşıdurma sona çatıb, artıq neft hasilatı yenidən bərpa olunmağa başlayıb. Liviyada hazırda hasilat 500 min barelə qədər artıb. Ölkənin milli neft təşkilatı hesab edir ki, növbəti iki həftə ərzində bu hasilat həcmi 800 min barelə, növbəti dörd həftə ərzində isə 1 milyon barelə qədər çata bilər. Bu da təbii olaraq təklifin artmasına təsir göstərən ciddi faktordur.
Səudiyyə Ərəbistanı və Rusiya OPEC+ formatının ənənəvi iki ən böyük ölkələridir. Rusiyanın neft hasilatı payız aylarında birmənalı olaraq artır. OPEC+ formatı çərçivəsində hasilatın azaldılması ilə bağlı qərar qəbul ediləndə bura sadəcə xam neft şamil olundu, təbii qazla birgə çıxarılan kondensat neft növü daxil edilmədi.
Kvotada kondensat istisna tutulduğuna görə Rusiyada payız aylarında təbii qaz hasilatı artdığı zaman onunla bərabər çıxan kondensat da artmış olur.
- OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə kvotanı təmin edirmi?
- Bu gün OPEC+ formatına daxil olan ölkələrin sentyabr ayına olan neft ixracına baxsaq, avqust ayı ilə müqayisədə onun gündəlik təxminən 1.75 milyon barel artdığını görə bilərik. Bunun da başlıca səbəbi bu formata daxil olan İraq, Qazaxıstan, Nigeriya kimi ölkələrin öz öhdəliklərini öncəki aylarda tam həcmdə yerinə yetirə bilməməsidir. Sözügedən ölkələr bu həcmləri sentyabr ayına qədər kompensasya etməli idi. Ancaq OPEC+ formatı çərçivəsində keçirilən sonuncu iclasda bu müddət noyabr ayına qədər uzadıldı. Bu, bazardakı izafi həcmlərin aradan qaldırılması istiqamətində müəyyən gecikmələr yaradıb. Əgər bu məsələ sentyabr ayına qədər həll olsaydı, izafi həcmlər müəyyən qədər azala bilərdi.
Bazarda izafi həcmlərdə neft olduğu zaman anbarlardakı ehtiyat həcmləri də artır. Ötən həftə Amerikanın neft anbarlarındakı ehtiyatlar 4.3 milyon barel artaraq 492.43 milyon barelə yüksəldi. Ondan öncəki həftədə də 1 milyon barel artmışdı. Bütün bunlar bazarlarda izafi neft həcmlərinin yarana biləcəyi ilə bağlı narahatlığa səbəb olur.
Digər tərəfdən isə, OPEC+ formatı çərçivəsində 2021-ci ilin yanvar ayından etibarən kvotaların həcminin gündəlik 2 milyon barel azaldılması planlaşdırılır. Yəni hasilatın azaldılması ilə bağlı kvotanın 7.7 milyon bareldən 5.7 milyon barelə qədər düşəcəyi gözlənilir. Hazırkı vəziyyətdə bu ehtimallar da var ki, OPEC+ formatı mövcud kvotanın müddətini uzada bilər, yaxud əlavə həcmlərdə neft hasilatını azaltmaya gedə bilər. Yəni bazardakı tələb və təklif arasındakı dinamika əsas götürüləcək.
Artıq Rusiya rəsmi olaraq bununla bağlı bəyanat verib ki, ehtiyac yaranarsa, əlavə həcmlərdə neft hasilatının azaldılmasına gedilə bilər.
- COVID-19 pandemiyasında ikinci dalğa dünyanı narahat etməkdədir. Artıq bir sıra ölkələr karantin rejiminin yenidən sərtləşdirilməsinə qərar verib. Qlobal neft bazarları ikinci dalğanı necə qarşılayacaq?
- Artıq qeyd etdiyiniz kimi pandemiyanın ikinci dalğası müşahidə edilir. Oktyabrın 30-da Amerikada gündəlik yoluxma sayı 101 mindən çox olub. Bu, rekord bir göstəricidir.
Bundan əvvəl 100 minlik rəqəmə bir neçə gündə çatılırdısa, artıq ABŞ-da bu fakt bir gündə qeydə alınır. Eyni zamanda İspaniya, İtaliya, Niderland və digər Avropa ölkələrində yoluxma faktı artdığına görə karantin rejimləri yenidən sərtləşdirilir. Doğrudur, mart və aprel ayı ilə müqayisədə çox sərt qaydalar tətbiq olunmur və müşahidələr göstərir ki, ölkələr bu dəfə sərt karantin rejiminin tətbiqindən yana deyil. Çünki bu, ölkə iqtisadiyyatlarına mənfi təsir göstərir.
Ölkələr sərt qapanmalara getmədiyi müddətcə tələbdə kəskin azalmalar baş verməyəcək. Ancaq yenə də yoluxma faktlarının artması bazarda narahatlıq yaradır. Bu da təbii olaraq neft qiymətləri üzərindəki təzyiqi artırır.
- Pandemiyanın Çindən başlaması bu ölkənin iqtisadiyyatı ilə bağlı fərqli fikirlər ortaya qoydu. Gözlənilirdi ki, ölkə karantin məhdudiyyətləri fonunda beynəlxalq ticarətin dayandırılmasından əziyyət çəkəcək…
- Çin pandemiyadan ən az təsirlənən ölkə oldu. Cari ilin ikinci rübündə Çinin ÜDM-i 3.2 faiz, üçüncü rübdə isə 4.9 faiz artıb. Bu onu göstərir ki, artıq Çin iqtisadiyyatı bərpa prosesinə başlayıb. Proqnozlar onu deməyə əsas verir ki, bu ilin tamamında Çinin ÜDM-i təqribən 2 faiz arta bilər.
Çin dünyada nefti ən çox idxal edən birinci və nefti ən çox istehlak edən ikinci ölkədir. Çin iqtisadiyyatının inkişaf etməsi göstərir ki, gələcəkdə neft qiymətlərində yenidən müsbət dinamika müşahidə edilə bilər.
- Avqust ayında Çinin neft idxalında kəskin azalma oldu. Bəs, bunun səbəbi nə idi?
- Çinin neft saxlama anbarları geniş olduğuna görə ölkə əsasən qiymətlərin aşağı olduğu vaxtlarda böyük həcmlərdə neft ehtiyatlarını alıb anbarlara doldurmuşdu. Cari ilin aprel-iyul aylarında Çinin neft idxalında ciddi artım müşahidə edildi. Hətta iyun ayında tarixinin rekord həddi qeydə alınmışdı.
Ancaq qiymətlərin yenidən yüksəlməsi fonunda Çin avqust ayında anbarlardakı ehtiyatlardan istifadə etməyə başladı. Ehtimal edilirdi ki, bundan sonrakı bir neçə ayda Çin əsasən anbarlara doldurduğu neftdən istifadə edəcək. Buna görə də ölkənin idxal həcmlərinin noyabr ayına qədər kəskin şəkildə azalacağı gözlənilirdi.
Amma prosesin belə olmadığını sentyabr ayında gördük. Belə ki, ötən ay Çinin neft idxalı avqust ayı ilə müqayisədə 5.5 faiz artdı. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 17.5 faiz artım göstərdi. Bu da onu deməyə əsas verir ki, Çinin idxal həcmləri növbəti günlərdə də arta bilər. Bu, bazara müsbət təsir göstərəcək faktorlardan biri kimi dəyərləndirilə bilər.
- Gələcəklə bağlı proqnozlar nədən ibarətdir?
- Qısa müddətli perspektivdə dəyərləndirsək, ABŞ-da keçirilən prezident seçkisinin nəticəsi neft qiymətlərinə təsir göstərəcək əsas faktorlardan biri kimi dəyərləndirilə bilər.
Bununla yanaşı, bəzi nikbin məqamlar var ki, bunlar qiymətlərin gələcəkdə kəskin enişinin qarşısını ala və ya yuxari istiqamətlənməsinə təkan verə bilər. Amerikanın ümumi daxili məhsulu (ÜDM) cari ilin 3-cü rübündə 33 faiz həcmində artdı. Bu, çox ciddi rəqəmdir. Dünyanın bir nömrəli iqtisadiyyatına malik bir ölkənin ÜDM-nin artması onu göstərir ki, artıq ölkə iqtisadiyyatı bərpa prosesinə başlayıb. Bundan əvvəlki proqnozlar 10-15 faiz civarında artım ola biləciyi istiqamətində idi. Amma gözləniləndən çox sürətli bir artım qeydə alındı. Bu da dünya iqtisadiyyatının tədricən bərpa prosesinə başladığına bir işarədir.
Son aylarda ABŞ-da işsizlik rəqəmləri də azalma tendensiyası nümayiş etdirir. Pandemiyanın pik dövründə bu göstərici 14.7 faizə qədər artmışdı, hazırda 7.9 faizdən aşağı düşüb. ABŞ-da ÜDM-nin 69-70 faizini təqribən istehlak xərcləri meydana gətirir. Burada işsizlik rəqəmlərinin azalması, məşğulluğun artması, eyni zamanda yanacaq istehlakının artmasına gətirib çıxara bilər. Bu da gələcəkdə neft qiymətlərinə müsbət təsir göstərə bilər.
Bundan əlavə, Hindistan dünyada nefti ən çox istehlak edən ölkələrdən biridir. Son dövrlərə qədər ölkənin tələbatında azalma müşahidə edilirdi. Çünki koronavirus pandemiyasının ən sürətli yayıldığı ölkələrdən biri Hindistandır. Artıq sentyabr ayının rəqəmləri onu göstərir ki, ölkənin yanacağa olan tələbatı ciddi şəkildə artıb. Cari ilin sentyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6 faizli artım qeydə alınıb. Bu da ondan xəbər verir ki, Hindistanda yanacağa olan tələbat pandemiya öncəsi dövrə qayıdır. Bunu da müsbət dinamika kimi qeyd etmək olar.
Hazırda neft qiymətlərində kəskin enmələr gözlənilmir. Qiymətlərə müsbət təsir göstər biləcək dinamikalar mövcuddur. Amma bazarda volatillik davam edir. Görünən odur ki, bir çox dövlətlər pandemiya səbəbindən sərt karantin rejiminə getməkdən yana deyillər. Bu da tələbatın ən azı indiki səviyyədə qalması ilə nəticələnə bilər.
- Neft qiymətlərinin kəskin düşməsi investisiyalara necə təsir göstərir?
- Qiymətlərin kəskin düşməsi neft sahəslərində investisiya qoyuluşlarında ciddi azalmaları da özüylə gətirir. Amma bu, bir anda qiymətlər üzərində öz təsirini göstərmir. Bunun hasilatda, təklifdə özünü göstərməsi üçün ən azı 1 illik zamana ehtiyac var. Buna görə də bunun təsirlərini 2021-ci ilin sonuna doğru görə bilərik.
- Emin müəllim, bu gün ölkəmiz koronavirus pandemiyası ilə bərabər, həm də ön cəbhədə düşmənlə mübarizə aparır. Bütün bunlar Azərbaycan neftinin bazardakı mövqeyinə necə təsir göstərir?
- Neft qlobal, təbii qaz isə regional əmtəədir. Qiymətlərin qlobal miqyasda artıb-azalması bütün markalardakı neftə, o cümlədən Azərbaycan neftinin qiymətinə də mənfi və ya müsbət təsir göstərə bilir. Ancaq “Azeri Light” markalı neft bazarda öz dəyərini qoruyur, hətta son dövrlərdə daha da gücləndirib. Belə ki, son həftələrdə “Azeri Light” və “Brent” markalı neft arasındakı qiymət fərqində artım dinamikası müşahidə edilir. Bunun da əsas səbəbi SOCAR-ın geniş ticarət şəbəkəsinə malik olmasıdır.
SOCAR dünyanın 40 ölkəsində və 100-dən çox satış mərkəzində ticarət əməliyyatı həyata keçirir. Bu minvalla SOCAR-ın ABŞ, Çin, Sinqapur və Avropa bazarlarında ticarət ofisləri fəaliyyət göstərir. Bu ofislər vasitəsilə SOCAR pandemiya dövründə sözügedən bazarlarla bağlı daha çevik məlumatlar əldə edə bilir.
Qeyd edim ki, SOCAR-ın müxtəlif neft növləri ilə bağlı ayrı-ayrı ticarət masaları fəaliyyət göstərirdi. SOCAR bu masaları bir-biri ilə inteqrasiyalı edərək tək mərkəzdən idarə etməyə başladı. Beləliklə, bütün məlumatlar tək mərkəzdə sürətlə toplanır, təhlil edilir və müvafiq addımlar atılır. Belə ki, neft tələbatının aşağı olduğu bazarlar yerinə daha yüksək olduğu bazarlara fokuslanılır.
Məsələn, “Azeri Light” markalı neftin əsas satıldığı bazar İtaliya başda olmaqla Avropa bazarları idi. Ancaq pandemiya səbəbindən bu bazarlarda tələbat azalmışdı. Beləliklə, SOCAR “Azeri Light” neftini bu dövrdə əsasən Asiya bazarlarına satmağa başladı. Bu isə öz növbəsində, SOCAR-ın ticarət effektivliyini və rəqabət qabiliyyətini yüksəltdi.