13 Noyabr 2020 21:13
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

“30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. Dəymiş ziyan milyard dollarlara ölçülür”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, parlamentin bugünkü iclasında ən çox müzakirə edilən məsələlərdən biri - Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiyanın ödənilməsinin tələb edilməsi olub:

“Qeyd edim ki, dünya təcrübəsində oxşar nümunələr var. Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub”.

Deputat vurğulayıb ki, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir: “Daha məqsədəuyğun olardı ki, dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertləri də cəlb olunsun. Bu, beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirər.

Beynəlxalq praktika göstərir ki, son dövrlər belə kompensasiyanın ödənilməsi ilə bağlı verilən məhkəmə qərarlarının çoxu fərdi müraciətlər əsasında reallaşıb. Bu o deməkdir ki, 30 illik işğal nəticəsində əmlakı, təsərrüfatı Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilən ölkə vətəndaşlarımızın da Avropa Məhkəməsinə müraciət etmək hüququ var”.

Vüqar Bayramov qeyd edib ki, kompensasiyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra, hətta kasıb ölkələr belə, o vəsaiti tam və ya qismən ödəyiblər: “Bu baxımdan, Ermənistanın kasıb olması onu işğal nəticəsində vurduğu ziyana görə kompensasiya ödəmək məsuliyyətindən azad etmir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər