18 Noyabr 2020 01:16
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirus infeksiyasının bütün dünyaya yayılması ilə yaranan pandemiya vəziyyətı, daha sonra Ermənistanın gerçəkləşdirdiyi xain hücumla başlayan Vətən müharibəsi Azərbaycan iqtisadiyyatına o qədər də mənfi təsir göstərməyib”.

Bunu Teleqraf.com-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva deyib.

O bildirib ki, Azərbaycan Statistika Komitəsinin 2020-ci ilin doqquz ayının məlumatlarına əsasən ÜDM kəsirimiz 4 faizin altında olub: “Bu nəinki Ermənistanla, hətta qərb ölkələri ilə müqayisədə aşağı göstəricidir. Digər makroiqtisadi vəziyyəti izah edən inflyasiya göstəricisi isə Mərkəzi Bankın 2020-ci ilin 9 ayının məlumatlarına əsasən 2,9 faizdir. 2020-ci il üçün Mərkəzi Bankın pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2 faiz dәhlizindә saxlanılması olduğunu nəzərə alsaq, hazırda inflyasiyanın idarəedilən səviyyədə olduğunu görərik. 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 18 milyard manat təşkil edib ki, bu da proqnoza qarşı 207 milyon manat və ya 1,2 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 19,6 milyard manat icra edilib. Mərkəzi Bankın son məlumatlarına əsasən, strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur və bu ÜDM-in 100 faiz səviyyəsini üstələyir. Təkcə Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,4 faiz artıb”.

Ekspert qeyd edib ki, Azərbaycan artıq post-konflikt dövrünə qədəm qoyur: “Bu mərhələdə Azərbaycan iqtisadiyyatı nəinki münaqişədən əvvəlki vəziyyətə qaytarılacaq, yeni iqtisadi inkişaf modelinin qurulması ilə əvvəlkindən daha çox inkişaf etdiriləcək. Yaxın zamanda Azərbaycan hərbi və diplomatik üstünlüyünü region ölkələri arasında iqtisadi üstünlüyü ilə də tamamlayacaq.

Bununla bağlı post-konflikt dövründə iqtisadi bərpa planının ən qısa müddətdə hazırlanması qarşımızda duran əsas məsələlərdən biridir. İlkin mərhələdə post-konflikt dövründə bərpa planı əsasında münaqişə nəticəsində yaranan dağıntıların aradan qaldırılması, işğaldan azad olunan torpaqlarda zəruri infrastruktur layihələrinin icra olunması, müharibə zamanı zərər çəkmiş mülki əhalinin problemlərini həll olunması, hərbçi və şəhid ailələrinə dövlət dəstəyinin göstərilməsi həyata keçiriləcək. Artıq Ermənistanın Azərbaycan ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə vurduğu ziyanın qiymətləndirilməsini və zərərin aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın yekun hesablamalarından sonra iqtisadi bərpa planı ilə bağlı dəyərləndirmələr aparılacaq”.

Günay Quliyevanın sözlərinə görə, iqtisadi bərpa planının ikinci mərhələsi insanların hissə-hissə həmin ərazilərə köçürülməsi və iqtisadi fəaliyyətin yenidən canlanmasını, bununla da həmin ərazilərə həyatın qaytarılmasını əhatə edəcək: “Post-konflikt əraziləri iqtisadi və resurs cəhətdən çox zəngin ərazi olduğu üçün orada sənaye, kənd təsərrüfatı, turizm kimi müxtəlif sahələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan birgə bəyanata əsasən Naxçıvana yeni nəqliyyat dəhlizinin nəzərdə tutulması gələcəkdə beynəlxalq daşınma xərclərini və müddətini aşağı salacaq, eyni zamanda regionlararası turizm və tranzit əlaqələrinin inkişaf etməsini təmin edəcək. İqtisadi bərpa planı yerli və xarici birbaşa investisiyaların cəlb olunması, yüksək texnologiyaların tətbiqi və güclü insan kapitalının səfərbər olunması ilə bərabər uzunmüddətli səmərəliliyin artırılmasını zəruri edir. Bütün bunlar Azərbaycan iqtisadiyyatının yaxın zamanda daha da şaxələndirilməsini təmin edəcək.

Bu gün mövcud milli birliyimiz və zəngin maliyyə ehtiyatlarımız cəmi 44 gündə hərb və diplomatiya müstəvisində əldə etdiyimiz uğurlar kimi, iqtisadi bərpa planını da çox qısa zamanda icra etməyə imkan verir. Düzgün qurulan fiskal və monetar siyasət kombinasiyası makroiqtisadi sabitliyi və inklüziv iqtisadi inkişafı təmin edəcək. Azərbaycan regionun ən güclü iqtisadi mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər