19 Noyabr 2020 17:40
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə töhfə verəcək. Dağıdılmış ərazilərdə infrastruktur düzələndən sonra sahibkarlar ora investisiya yatıracaq”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) mətbuat katibi İlhamə Xanlarqızı deyib.

O, təmsil etdiyi qurumda sahibkarların geniştərkibli görüş keçirdiyini bildirib: “Görüşə ASK-nın rəyasət heyətinin 25 nəfərdən ibarət üzvü, eləcə də idarə heyətində təmsil olunan sahibkarlar da qoşulmuşdu. Ümumilikdə 38 nəfərin qatıldığı görüşdə müxtəlif sahələri təmsil edən sahibkarlar iştirak edirdi.

Məlumdur ki, işğaldan azad olunmuş ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ümumi olaraq bölgənin iqtisadi potensialı göstərir ki, tarazlı regional inkişafın təmin edilməsi, paytaxt və əyalətlər arasında kəskin iqtisadi fərqlərin aradan qaldırılması üçün əlverişli biznes mühitinin mövcudluğu vacibdir. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında 160 adda müxtəlif qiymətli metal yatağı mövcuddur. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları var.

Mədənçıxarma sənayesində fəaliyyət göstərən “AzerGold” Qapalı Səhmdar Cəmiyyət də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvüdür. Hazırda dövlət qurumları, özəl müəssisələr tərəfindən araşdırmalar aparır. Ola bilsin ki, bununla bağlı yardımçı sahələr olsun. Biznesdə hasilatla məşğul olan şirkətlər özünə yardımçı şirkətlərdən xidmətlər alacaq. Bütün bunları nəzərə alsaq, yeraltı sərvətlərin hasilatı və emalı ətrafında çox böyük məşğulluq sahəsi yaranır. Ümumiyyətlə, regionun məşğulluğu baxımından bu sahələrin böyük əhəmiyyəti var”.

İlhamə Xanlarqızının sözlərinə görə, artıq sahibkarlar indidən diqqətini Qarabağa yönəldib: “Məlumdur ki, Dağlıq Qarabağ və ətraf rayonların iqtisadiyyatının əsasını maldarlıq, arıçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq kənd təsərrüfatının digər sahələri təşkil edir. Zəngilanda yeraltı sərvətlərlə yanaşı, həm də ekoloji cəhətdən təmiz meyvə-tərəvəz istehsalına görə həmişə Qarabağda ən yaxşı yer hesab olunub. Ümumiyyətlə, işğaldan azad olunmuş rayonların aqrar potensialı orada yetişdirilən taxılın keyfiyyəti həmişə verilən tələblərə uyğun olub.

Nəzərə alsaq ki, işğal zamanı bəzi rayonlarda yaşayış olmayıb, demək olar ki, bütün infrastruktur dağıdılıb. Bu torpaqlar əkin üçün yararlı olsa da, uzun illər istifadəsiz qalıb. İşğaldan azad olunandan sonra həmin torpaqların əkilib-becərilməsi ilə yüksək məhsuldarlığa, keyfiyyətli və rekord miqdarda məhsul istehsalına nail olunacaq.

Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsində böyük şərab evi var. Hazırda bu müəssisə istifadə üçün çox yararlı vəziyyətdədir. Demək olar ki, müharibə zamanı müəssisəyə heç bir ziyan dəyməyib.

Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycan büdcəsinə, eləcə də ümumi daxili məhsulun (ÜDM) artımı baxımından çox böyük potensialı var. Dağıdılmış ərazilərdə infrastruktur düzələndən sonra sahibkarlar investisiya yatıracaq. Əslində, sahibkarlar indidən başlayıblar, konkret bir neçə layihələr var. Bunların içərisində kənd təsərrüfatı, təhsil sektor, termal turizm, eləcə də “Qartal” firmasının Laçın və Kəlbəcər zonası ilə bağlı kommunikasiya layihələri yer alıb. Yekunlaşmaq ərəfəsində olan bir neçə maraqlı layihələr də var. Sahibkarlar Kəlbəcərdə sağlamlıq və termal turizmlə bağlı çox gözəl bir layihə üzərində işləyirlər”.

Qurum sözçüsü noyabrın 2-də ASK-nın Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TTSP) Bakıda təşkil etdiyi görüşə də toxunub: “Görüşdə palataya daxil olan 5 ölkənin rəhbərləri iştirak etdi. Palata rəhbərlərinə Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın investisiya imkanları barədə məlumat verildi. Tədbirdə Türkiyə, Qazaxıstan və Özbəkistan çox maraqlı təkliflərlə çıxış etdi. Qazaxıstan Qarabağa investisiya yatırmağa və bölgənin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bəyan etmişdi. Artıq Türkiyə sahibkarlarının əlində kənd təsərrüfatı, turizm sektoru ilə bağlı müəyyən layihələri var. Özbəkistan da müəyyən sahələrlə bağlı birgə müəssisələrin qurulmasını təklif etdi. Hesab edirik ki, Qarabağa dönüş üçün müəyyən infrastruktur hazır olandan sonra işlərə başlamaq mümkün olacaq”.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə işğaldan azad olunmuş regionların faydalı qazıntılarla zənginliyi, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialın mövcudluğu, habelə iqtisadiyyatın digər sahələrinin inkişafı üçün münbit şəraitin olduğu nəzərə alınaraq, Prezidentin tapşırığı ilə həmin regionlarda infrastrukturun qurulması, tikinti, abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görüldüyü və yeni layihələrin hazırlandığı bildirilib.


Müəllif: Yeganə Oqtayqızı