20 Noyabr 2020 14:42
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verə biləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, müzəffər Azərbaycan ordusu Aran Qarabağın ən böyük rayonu olan Ağdama daxil olub: “Qələbəmiz və uğurlarımız davamlı, gözümüz aydın olsun. Ərazisi 1094 kvadrat kilometr, əhalisi 200 minə yaxın olan Ağdam rayonu böyük iqtisadi potensiala malikdir. Amma 27 il əvvəlki erməni işğal bu potensialı işğal müddətində məhv etdi. Nəticədə Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi.

İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi. 40 min hektar əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min hektar sahədə əkin aparılıb. Ağdam rayonun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir”.

Vüqar Bayramov Dövlət Statistika Komitəsinə istinadən deyib ki, 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istehsal olunub: “Son 4 ildə ölkəmizin nəzarətində olan Ağdam kəndlərində məhsul istehsalı 70 faizdən çox artıb. Artıq işğaldan azad olunan Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verə biləcək. Ağdam yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyur.

Ötən əsrin 90-cu illərində Ağdam uğrunda gedən döyüşlərdə 6 minə yaxın vətəndaşımız şəhid olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət etsin”.


Müəllif: Yeganə Oqtayqızı