21 Noyabr 2020 15:28
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda, keçmiş təmas xəttinin sıfır nöqtəsində yerləşən Mirəşelli kəndində pambıq yığımı başlanıb.

Məlumat Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyindən verilib.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin Fermer Koordinasiya Şurasının üzvü, pambıqçı Eldar Qasımovun sahəsində pambıq yığımı zamanı orta məhsuldarlıq 40 sentnerdən çox olub. Fermer bildirib ki, Mirəşelli kəndinin əkin sahələri erməni silahlı birləşmələrinin mütəmadi atəşinə məruz qalsa da, kənd camaatı əkin prosesinin təqvim planına görə həyata keçirib:

“Sentyabrın 27-dən başlayan əks-həmlə əməliyyatları pambıq yığımı dövrünə təsadüf edib, mülki əhalinin, kənd təsərrüfatı texnikasının mütəmadi atəşə tutulması nəticəsində təmas xəttinə yaxın ərazilərdə yığım çətinləşib. Noyabrın 10-dan münaqişənin nizamlanmasına dair anlaşma bəyanatı imzalandıqdan sonra Ağdam rayonunun atəş xəttinə yaxın ərazilərində pambıq yığımına start verilib”.

Fermerin sözlərinə görə, ötən il 47 sentner məhsul götürüb: “Bu il məlum səbəblərdən yığım prosesi bir qədər ləngidi. Buna rəğmən ilk yığımda 40 sentnerdən çox məhsul götürmüşəm. İkinci yığımda bu göstərici daha da yüksələcək. Ordumuzun zəfəri sayəsində artıq təmas xətti anlayışı keçmişdə qaldı, növbəti ildən torpaqlarımızı daha rahat əkib-becərəcək, daha çox məhsul götürəcəyik”.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il pambıqçılıqda ölkə üzrə orta məhsuldarlıq göstəricisi çox yüksəkdir: “Fermerlərimiz bu günədək sahələrdən 310 min tona yaxın məhsul yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Ötən il pambıq mövsümünün yekununda 295 min ton məhsul yığılmışdı. Hazırda pambıq üzrə orta məhsuldarlıq 31 sentner təşkil edir”.

Nazirlik rəsmisinin sözlərinə görə, sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələrinin atəş xəttinə yaxın əraziləri mütəmadi atəşə tutması, mülki əhalini, aqrar infrastrukturu, kənd təsərrüfatı texnikasını hədəfə alması həmin ərazilərdə pambıq yığımını həyata keçirməkdə çətinliklər yaradıb: “Bu səbəblərdən ötən il yüksək məhsuldarlıq qeydə alınmış Tərtər və Ağdam rayonlarında, Füzuli, Ağcabədi və Bərdənin atəş xəttinə yaxın ərazilərində pambıq yığımını həyata keçirmək çətinləşmişdi. Bu rayonlar həm də pambıqçılıq ənənələrinə malik, hər il məhsuldarlıq göstəricilərini yeniləyən pambıqçılıq rayonlarımızdır.

Noyabrın 10-dan sonra həm Ağdamda, həm Tərtərdə, həm də digər qeyd olunan ərazilərdə pambıq yığımına start verilib. Yığımın vaxtında başa çatması üçün bu rayonlara əlavə kənd təsərrüfatı texnikaları göndərilib. Bu günədək Ağdam rayonunda orta məhsuldarlıq 23,69 sentnerə çatıb, Tərtər rayonunda bu göstərici 23,89 sentnerdir”.

Qeyd edək ki, ölkə üzrə pambıq yığımı davam edir. Yığım prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı