23 Noyabr 2020 15:44
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

"20 faizə yaxın ərazimizin 27 ildən çox işğal altında qalması o torpaqlarımızın iqtisadi potensialından istifadəyə də imkan verməyib. İşğaldan əvvəl fərəhli həyatın hökm sürdüyü o şəhərlərimz düşmən ölkənin barbarlığı nəticəsində “ruhlar şəhərinə” çevrilib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, ötən il Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyin 652 min manatlıq məhsul istehsal edib: “4 rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələr hesabına baş verib.

7 rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0.7, Kəlbəcər-Laçın iqtisadi rayonun isə cəmi 0.1 faizdir. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümümi iqtisadiyyatda payı heç bir tam rəqəmlədə ifadə olunmayb. Qeyd edim ki, Xaçmaz rayonu bütün işğal altında olan rayonlarmız qədər məhsul istehsal edib. Bəzi rayonlarımız, hətta daha çox istehsala imza atıb. Göründüyü kimi, 27 ildən çox müddətdə böyük iqtisadi potensial Ermənistan işğalı nəticəsində məhv edilib”.

Vüqar Bayramov işğaldan azad olunan ərazilərin mövcud potensialından da danışıb: “Xammal, təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Qısa zamanda rifah dou həyat yenidən həmin ərazilərimizə qayıdacaq”.


Müəllif: Yeganə Oqtayqızı