“Laçının qayıtması ilə Qarabağ müharibəsinin hərbi mərhələsi bitdi. Siyasi masanın həll etməli olduğu çox məsələ var, onları siyasətçilərimiz şərh edər. Vətəndaş cəmiyyəti təmsilçisi olaraq bundan sonrakı mərhələ üçün məni düşündürən bir neçə əsas məsələ var”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.
O hesab edir ki, cümhuriyyət dəyərlərinin təməlini gücləndirən ciddi köklü islahatlar masaya yatırılmalıdır: “Söhbət hakimiyyət bölgüsünü, hakimiyyət qollarının müstəqilliyini, yerli özünüidarənin gücləndirilməsini təmin edən konstitusiya islahatlarından gedir.
Digər tərəfdən, ölkədə media və vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün mühit yaradılmalıdır.
Ölkədə sərvətin ədalətsiz bölgüsünə şərait yaradan bütün köhnə mexanizmlər, o cümlədən dövlət vəsaitlərindən kiçik iqtisadi qrupların yararlanmasına səbəb olan satınalma mexanizmləri tam sıradan çıxarılmalıdır, məmurların sahibkarlıqla məşğul olmasına imkan verən hər cür imkanların qarşısı alınmalıdır.
Bütün maraqlı təfələrin iştirakı ilə ölkənin yaxın 20-25 illik iqtisadi hədəflərini əks etdirən milli iqtisadi strategiya, bu strategiyanın reallaşdırılmasına imkan verən sahə proqramları, altproqramlar hazırlanmalıdır. Yüksək texnoloji və elm tutumlu, təbii resurslara əsaslanmayan iqtisadiyyat əsas hədəf olmalıdır. Yüksək elmi-texnoloji məhsulların ÜDM-də və ixracda payını əks etdirən hədəf göstəricilər strategiayada əks olunmalıdır.
Bütün səviyyələrdə təhsil müəssisələrinə inzibati və maliyyə müxtariyyətinin verilməsi, universitetlərdə akademik azadlıqların təmin edilməsi təhsil sisteminin həll etməli olduğu ən mühüm vəzifələrdir”.
İqtisadçının sözlərinə görə, ölkədə yeni sosil müdafiə strategiyasının hazırlanması çox vacibdir: “Xüsusilə də Qarabağ müharibəsində şəhid olan və sağlamlığını itirən hərbçilərimizin ailə üzvlərinin və özlərinin sosial müdafiəsi üçün yeni strategiya və proqramın hazırlanması zərurəti yaranıb.
Həmçinin tam peşəkar orduya keçid prosesi başa çatdırılmalıdır”.