2 Dekabr 2020 15:28
1 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Nüsrət müəllim, pandemiya, İkinci Qarabağ Müharibəsi və təkrar sərt karantinin daşınmaz əmlak bazarına təsiri necədir?

- Ötən illə müqayisədə 2020-ci ilin mart-aprel aylarında daşınmaz əmlak bazarında aktivlik 3-4 dəfəyə yaxın aşağı düşmüşdü. Sonra vəziyyət bir qədər stabilləşdi. Əsasən, dövlət və kommersiya banklarının kreditləri hesabına aktivlik yüksəldi.

Hazırda, yəni oktyabr-noyabr aylarında daşınmaz əmlak bazarında aktivlik yenidən aşağı düşüb. Burada həm pandemiya, həm də İkinci Qarabağ Müharibəsi amili öz sözünü deyir. İnsanların fikri daha çox xəstəliklə mübarizəyə və Qarabağ müharibəsinə fokuslanıb. Ötəni ilin eyni dövrü ilə müqayisə etsək, aktivlik təxminən 2-2.2 dəfə aşağı düşüb.

- Bu aktivliyin əvvəlki səviyyəyə qayıtması üçün, sizcə, nə tələb olunur?

- Bunun üçün ilk növbədə zaman lazımdır. COVID-19 pandemiyası başa çatmalıdır ki, insanlar sərbəst hərəkət edə və işə çıxa bilsinlər. Çünki bu gün dövlət qurumları öz ştat tərkiblərinin demək olar ki, 30 faizi ilə işləyir, kommersiya qurumları da təxminən bu gündədir. Müəssisələr arası əlaqələrin böyük bir hissəsi demək olar ki, itib. Buna görə də insanların gəlirində azalma var.

Ümumi biznesin durumunda da oxşar vəziyyət hökm sürür. İnsanların daşınmaz əmlaka olan marağı əvvəlki səviyyədə deyil, onların böyük əksəriyyəti öz canının harayındadır. Ümumilikdə götürsək, vəziyyət yaxşı deyil.

- Qələbədən sonra məcburi köçkünlərin öz yurdlarına qaytarılması məsələsi aktuallaşıb. Prosesə start verilərsə, tikinti bazarında aktivlik müşahidə edilə bilərmi?

- Təbii ki, aktivlik olacaq. Bu, eyni zamanda həmin bölgələrdə görülən işin həcmindən asılıdır. Əgər o ərazilərə yatırılan vəsait il ərzində ümumi ölkə üzrə tikinti bazarına yönəldilən investisiya səviyyəsindən yuxarı olacaqsa, təbii ki, bazarda böyük bir aktivlik müşahidə olunacaq. Həm məşğulluğun, həm də insanların gəlirlərinin artımı son nəticədə bazara yayılan pul vəsaitinin artmasına gətirib çıxarır.

Təbii ki, bunun da bir hissəsi daşınmaz əmlak bazarında aktivlik yaradacaq. Hesab edirəm ki, il ərzində bu bölgəyə yatırılan investisiyanın həcmi 5-6 milyard manatdan az olmamalıdır.

- Azərbaycanın daxili potensialı işğaldan azad olunmuş ərazilərdə tikinti işlərini aparmağa imkan verirmi, yoxsa prosesə xarici şirkətlər də cəlb olunmalıdır?

- Təkcə daxili imkanlar hesabına o qədər işin öhdəsindən gəlmək mümkün deyil. Hesab edirəm ki, bu ərazilərə həm daxili, həm dövlət, həm də investorların xətti ilə investisiya cəlb olunacaq. Eyni zamanda xarici iş adamları da bu bölgəyə cəlb olunmalıdır. O cümlədən beynəlxalq maliyyə mənbələrinin və təşkilatların ayırdığı vəsait hesabına işğaldan azad olunmuş ərazilərə investisiya yatırılmalıdır. Həm investisiya, həm də yardım xarakterli vəsaitlərdən bölgənin bərpasında istifadə olunacaq. Təbii ki, bu vəsaitlərin dolayı effekti ölkə iqtisadiyyatına böyük təkan verə bilər.

- Maraqlıdır, işə xarici şirkətlər cəlb olunarsa, bunun yerli daşınmaz əmlak bazarına təsiri necə olacaq?

- Təsəvvür edək ki, əraziyə ümumi investisiya yatırılır, yeni iş yerləri açılır. İnsanlar məşğulluqla təmin olunur və pul qazanır. Bu qazanılan pulun bir hissəsi onların fiziki tələbinə, bir hissəsi də daşınmaz əmlak bazarına yönəlir. Bu da ümumi olaraq əmlak bazarında canlanma yaradır. Yəni, dolayı effekti çox olur.


Müəllif: Yeganə Oqtayqızı