2 Dekabr 2020 17:55
5 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan 27 il sonra Qarabağda başlayan müharibə 44 gün sonra - noyabrın 10-da dayandırıldı. Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin Dağlıq Qarabağdakı müharibəyə son qoymaq barədə müqavilə imzaladılar. Bu razılaşmaya əsasən, Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişin təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürdü. Bu dəhlizə Rusiya hərbçiləri nəzarət edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Haber7 saytındakı yazıda deyilir.

Yazıda bildirilir ki, Azərbaycanın Naxçıvana çəkəcəyi magistral dəhliz Türkiyəyə uzanacaq yeni bir enerji xəttini gündəmdə gətirib.

Magistral dəhliz açılacağı təqdirdə Türkiyənin İrandan aldığı hər min kubmetr qaza görə 490 dollar ödədiyi halda Azərbaycandan qazı 335 dollara alacaq. Beləliklə, Ermənistanla 44 günlük müharibədən sonra tarixi qələbə qazanan Azərbaycan yeni ticarət yollarının qapısını açıb.

Azərbaycanı iqtisadi baxımdan digər ölkələrə daha da yaxınlaşdıran koridorlar Türkiyəni birbaşa maraqlandırarkən, İranı narahat edir. İmzalanan müqaviləyə əsasən, Azərbaycan Türkiyə ilə həmsərhəd olan və ölkənin qalan hissəsi ilə quru əlaqəsi olmayan Naxçıvanla dəhlizin yaradılması vədini alıb. Mütəxəssislərin hesablamalarına görə, gələcəkdə bu dəhlizlə Azərbaycandan Türkiyəyə qaz xətti çəkiləcəyi təqdirdə İranın qaz itkisi böyük olacaq.

Qeyd edək ki, Türkiyənin İranla imzaladığı qaz müqaviləsinin müddəti qarşıdakı illərdə başa çatır. Türkiyənin Qara dənizdə yerləşən yeni “Sakarya” qaz yatağının ehtiyatları 405 milyard kubmetr səviyyəsində qiymətləndirilir. Bununla yanaşı, Türkiyənin idxal olunan maye qazına (LNG) yönəlməsi İranla yanaşı, Rusiyanı da narahat edib. Mütəxəssislər isə bu iki addımdan sonra yenilənəcək müqavilələrə diqqət çəkərək endirimin gündəmdə olduğunu vurğulayır.

Türkiyənin həmləsindən sonra gözlənən ilk addımın Rusiyanın enerji şirkəti “Qazprom”dan gəlməsi də təsadüfi deyil. Belə ki, “Qazprom Export” Türkiyəyə 700 min kubmetr qaz satışı üçün elektron ticarət platforması (ETP) vasitəsi ilə ilk müqavilə bağladı. Tarixi qaz kəşfiyyatı, mayeləşdirilmiş qaz idxalı və Naxçıvana yeni dəhlizin çəkilməsi ilə Türkiyənin əlinə üç fürsət birdən keçir. Bu yaxınlarda müqavilələrin yenilənməsi üçün qurulacaq qaz sövdələşmə masasından Türkiyənin böyük bir endirimlə qalxacağı gözlənilir.

Analitiklərin qənaətincə, Naxçıvan üzərindən Türkiyəyə bir ticarət yolunun qurulması qaz xətti üçün əlverişli bir mühit yaradıb. İlk öncə bölgəyə çəkiləcək boru xəttinin nə qədər vəsait hesabına başa gələcəyi hesablanmalıdır. Çünki bölgə dağlıq ərazidir. Bu baxımdan ərazidə boru kəməri çəkmək əlavə xərc və vaxt tələb edir. Digər tərəfdən, bu boru kəməri çəkildikdən nə qədər sonra qazın verilişinə başlanacağı da əsas müzakirə mövzusudur. Hesab olunur ki, qiymətlər iki ölkə arasındakı tarixi dostluq çərçivəsində təyin olunacaq.

Potensial yeni enerji xətti ilə Türkiyənin əlinə yeni bazarlıq fürsəti keçəcək. Qara dənizdə tapılmış ehtiyatdan sonra belə bir xətdən qaz axınının reallaşmasına doğru bir addım olarsa, müqavilələrin yeniləmə müddətində Türkiyənin əli bir az güclənəcək. Türkiyənin bu layihəni öhdəsinə götürməsi, İranla bazarlıq masasında daha da güclü danışmağına imkan verəcək.

İran iqtisadiyyatı enerjinin ağırlığına əsaslanır və bu baxımdan İranın Türkiyəyə ehtiyacı var. Türkiyənin boru xətti ilə qaz aldığı ən sərfəli ölkə Azərbaycandır. Boru kəmərlərində ən az xərcdən yararlanmaq üçün Türkiyənin Azərbaycana doğru yönəlməsi də mümkün olacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər