4 Dekabr 2020 00:14
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barrel azaldılması və “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0.5 mln. barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib.

Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, “OPEC plus” üzrə xam neft hasilatının yanvar ayında 0,5 mln. barrel artırılması qərarını Azərbaycan da dəstəkləyib.

Beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barrel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barrel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.

İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib ki, neftə tələbatın bərpasını zəiflədən pandemiyanın yeni dalğası vəziyyətində ən optimal tədbir yenə də hasilatın azaldılması üzrə koordinasiyalı fəaliyyətdir: “Neft bazarında nikbinliyin irəlidə dayanıqlı olması bizim dəstəyimizdən asılıdır. Neftə tələbatın bərpasına əminlik yarandığı müddətədək təklifə nəzarət etməliyik. Bu baxımdan mövcud istehsal məhdudiyyətlərinin tədricən yumşaldılması və hasilatın mərhələli şəkildə artırılması yeni reallıqlar şəraitində bazarın canlanmasına, eləcə də balanslaşdırılmasına kömək edəcək.”

Çıxışda Azərbaycanın “OPEC plus” ölkələri tərəfindən imzalanmış tarixi razılaşmaya sadiqliyi bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın torpaqlarınının işğaldan azad edilməsi və 30 illik bir münaqişəyə son qoyulması ilə nəticələnən tarixi Qələbəsinin həm də əhəmiyyətli enerji infrastruktur layihələrinə təhdidlərə birdəfəlik son qoyduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, iclasda Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolu bu dəfə də Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman tərəfindən yüksək qiymətləndirilib. O, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın səylərini xüsusi vurğulayaraq, konstruktiv fəaliyyətə görə təşəkkür edib.

Xatırladaq ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna qədər 1,9 mln. barrel yumşaldılmasını, yəni ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.


Müəllif: Teleqraf.com