5 Dekabr 2020 15:33
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, dekabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək: “Türkiyə İkinci Qarabağ Savaşında ölkəmizə ən güclü siyasi dəstək verən ölkə idi və bu dəstək indi də davam edir. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar qısa müddət ərzində türk hərbçilərinin Qarabağda qurulan monitorinq mərkəzində vəzifələrini yerinə yetirməyə başlayacaqlarını deyib. Buna görə də, qardaş Türkiyə bizimlə birlikdə olmaqda davam edəcək. Azərbaycan və Türkiyə hər zaman birlikdə olacaq və əminəm ki, buna heç kimin şübhəsi də yoxdur”.

İqtisadçı deyir ki, Azərbaycan və Türkiyə əlaqələrinin yeni mərhələdə daha da genişləndirilməsi məsələləri əsas prioritetlərdəndir: “2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub. Bütövlükdə, son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrində artan tendensiya müşahidə olunub.

Ötən il ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb.

İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub”.

Vüqar Bayramovun qənaətincə, yeni mərhələdə Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi əsas hədəflərdəndir: “Bu baxımdan, daha məqsədəuyğun olardı ki, Preferensial Ticarət Sazişinə uyğun olaraq hər iki ölkə arasında həm kvota, həm də rüsumu sıfıra endirilən malların siyahısı genişləndirilsin. Son saziş 15 mal qrupunu əhatə edir. Bütövlükdə, ölkələrin mərhələli şəkildə qarşılıqlı xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumları sıfıra endirməsi daha məqsədəuyğundur”.

Deputat hesab edir ki, işğaldan azad olunan torpaqları əhatə edən Türkiyə ilə birlikdə xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun olar: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru dəhlizin olacağını nəzərə alsaq, bu bölgəyə daha çox sərmayənin cəlb olunmasına imkan yarada bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər