7 Dekabr 2020 22:58
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağın bərpası ilə bağlı işlər uzunmüddətli və genişmiqyaslıdır. Təbii ki, genişmiqyaslı quruculuq işlərində Azərbaycanın yaxın saydığı və onun müttəfiq olduğu ölkələrin şirkətlərinin iştirakı tamamilə məqsədəuyğundur”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Prezident İlham Əliyevin İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söylədiyi fikrə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan bölgənin ən böyük iqtisadi gücü və iqtisadi potensialıdır:

“Azərbaycanla iqtisadi cəhətdən əməkdaşlıq etmədən bu regionda iştirak etmək qeyri-mümkündür. Daha əvvəllər də regiona yatırılan investisiyaların böyük bir hissəsi və eləcə də böyük layihələr Azərbaycan tərəfdən həyata keçirilib. Azərbaycan bu layihələri həyata keçirdiyi zaman beynəlxalq əməkdaşlığa xüsusi fikir verib. Yəni bizim müttəfiqim, eyni zamanda Azərbaycanla əməkdaşlıq edən ölkələrin şirkətləri daim bu layihələrdə iştirak ediblər: İstər Bakı-Tibilisi-Ceyhan, istər Bakı-Tibilisi-Qars, istərsə də Azərbaycanın özünün həyata keçirdiyi daxili layihələrdə bir çox zavod və fabriklərin qurulmasında, sənaye parklarının yaradılmasında və s. Bu, normal bir praktikadır, dünyada da belədir. Hər bir dövlət özünə yaxın saydığı, həmçinin əməkdaşlıqda qarşılıqlı maraqları önə çəkən ölkələrin şirkətləri ilə əməkdaşlığa üstünlük verir və onları dəvət edir. Eyni zamanda onlarda olan innovasiyaların da ölkəyə gəlməsinə çalışır”.

Tahir Mirkişli Azərbaycanın dost ölkələrin şirkətlərini işğaldan azad olunmuş bölgələrdə bərpa işlərinə cəlb edəcəyini vurğulayıb:

“Vətən müharibəsi apardığı dövrdə Azərbaycanın haqq işini dəstəkləyən və buna qarşı çıxan ölkələr də oldu. Bu dövr ərzində bir çox insan Azərbaycanın mövqeyinə qarşı olan ölkələrin yerli layihələrdə iştirakını mümkün olmayacağını və buna imkan verilməməsi ilə bağlı çağırışlar etdi. Şəxsi fikrim ondan ibarətdir ki, hansı ölkələr Azərbaycanın haqq işini dəstəkləyib, o ölkələrin şirkətlərinə və həmin ölkələrdən gələn investisiya təkliflərinə daha çox üstünlük vermək lazımdır. Çünki biz bölgədə müttəfiqlərimizlə güclü olacağıq. Qarabağın bərpası ilə bağlı işlər uzunmüddətli və genişmiqyaslıdır. Təbii ki, genişmiqyaslı quruculuq işlərində Azərbaycanın yaxın saydığı və onun müttəfiq olduğu ölkələrin şirkətlərinin iştirakı tamamilə məqsədəuyğundur. Amma təbii ki, həmin şirkətlər də daha rəqabət qabiliyyətli, daha innovativ xidmətlər təklif etməlidirlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər