Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyur. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan məhsullarında zərərvericilərin aşkar edilməsi ilə əlaqədar onların idxalını dekabrın 10-dan qadağan edib.
Bildirilib ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pozuntular barədə dəfələrlə məlumatlandırılıb. Yalnız oktyabrın 22-dən indiyədək 17 belə hal qeydə alınıb. Söhbət alma və pomidorda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmasından gedir.
“Rosselxoznadzor” bəyan edib ki, fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisinə həmin zərərvericilərin idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur.
Qərarla bağlı Teleqraf.com-a danışan iqtisadçı Akif Nəsirli qeyd edib ki, istixana şəraitində yetişdirilən pomidorun qida kimi standartlara uyğun gəlməməsi, keyfiyyətsiz və yararsız olması mümkün deyil: “Fermerlər istixanalarda pomidorun yetişdirilməsində texnoloji proseslərə ciddi nəzarət edirlər. Çünki onlar başa düşürlər ki, məhsulu ixrac edəcəklər.
Doğrudur, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında bir sıra problemlər var. Yayda və payızın əvvəllərində təsadüfi fermerlər sahələrdə pomidor becərirlər. O məhsulların tərkibində hansısa həşərat və ya azotun miqdarı çox ola bilər.
Amma hazırda bu kimi problemlərin özünü göstərməsi ehtimalı çox aşağıdır. Belə hallara adətən pomidoru açıq şəkildə yetişdirən, kortəbii üsullarla becərən fermerlərdə rast gəlinir. Bəzən texnoloji qaydalara əməl edilmir, pomidorun çox böyüməsi üçün daha çox azot gübrəsi verilir. Bu səbəbdən pomidorun tərkibində azotun miqdarı normadan artıq olur.
Hazırda istixanalarda pomidor yetişdirən və məqsədyönlü şəkildə Rusiyaya ixrac edən fermer onun tərkibinə ciddi nəzarət edir. Almanın tərkibinə isə heç nə etmək mümkün deyil. Meyvə ağacda təbii formada yetişdirilir, saxlanılır və ixrac edilir. Hesab edirəm ki, Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan məhsullarında zərərvericilərin aşkar edilməsi ilə əlaqədar qəbul etdiyi qərarın arxasında siyasi çalarlar var”.
Analitik hesab edir ki, Rusiya idxal qadağasından siyasi məqsədlərlə Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir: “Rusiya Avropa deyil. Avropada idxal mallarının keyfiyyətinə, tərkibinə, yararlılığına çox ciddi şəkildə diqqət yetirilir. Bu, rejimin öz təbiətindən irəli gəlir. Rusiyada isə belə bir ənənə, belə bir təbiət yoxdur. Əgər Rusiyanın müxtəlif ölkələrdən idxal etdiyi məhsulları laborator müayinə etmək imkanımız olsa, əminliklə deyə bilərəm ki, o məhsulların yarıdan çoxu qida kimi keyfiyyətsiz və yararsız çıxar.
Qərarın icrasının dekabrın 10-da Azərbaycanda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad gününə düşməsi də təsadüfi deyil. Hazırda Türkiyə, Rusiya və Azərbaycan arasında intensiv danışıqlar gedir, müəyyən məsələlər müzakirə olunur. Razılığa gəlinməyən aspektlər var. Bəzi məsələlər Rusiyanı, bəzi məsələlər də Azərbaycanla Türkiyəni qane etmir. Buna görə də idxal qadağasının tam şəkildə siyasi qərar olduğunu düşünürəm, bunun iqtisadiyyata heç bir aidiyyəti yoxdur”.
Akif Nəsirli müxtəlif hesablamalara istinadən deyir ki, Rusiya bazarına pomidor ixracı Azərbaycana il ərzində 150 milyon ABŞ dollarından çox gəlir gətirir: “Azərbaycan böyük bir bazar itirsə də, alternativ bazarlar var. Bu, Qazaxıstan, Ukrayna kimi ölkələr ola bilər. Ümumiyyətlə, dünyada alternativ bazar həmişə var. Sadəcə olaraq bu bazarları araşdırıb tapmaq lazımdır. Başqa sözlə, həm idxal, həm də ixrac prosesində qrafikin şaxələndirilməsi vacibdir. Tutaq ki, Azərbaycanın Rusiyaya ixrac etdiyi pomidor daha çox, Avropa ölkələrinə ixrac olunan məhsul isə az gəlir gətirir. Gəlir az olsa da, bu istiqamətlərdə də bazara məhsul çıxarmaq lazımdır. Bu, riskləri sığortalamaq üçün vacibdir. Sabah bu bazarlardan biri əldən çıxanda digər bazarlara məhsul axınını artırmaq mümkün olsun.
Ümumiyyətlə, Azərbaycan fermerlərinin bu istiqamətdə fəaliyyətləri qənaətbəxş deyil. Yəni ixracda Rusiya daha çox gəlir gətirdiyi üçün ixracı da ancaq bu ölkəyə edirlər, qadağa qoyanda da dayanırlar. Bu, düzgün yanaşma deyil. Gürcüstan nümunəsinə baxsaq görərik ki, onlar həm Azərbaycandan, həm də Rusiyadan mavi yanacaq idxal edir. Bu, idxalın şaxələndirilməsidir. Hər bir idxalçının və ixracatçının alternativ bazarları olmalıdır. Bir xətt üzərində iş qurmaq olduqca təhlükəlidir.
Bu gündən sonra bu işlər üzərində işləmək çox vacibdir. İndi dünya çox dinamik inkişaf edir. Ona görə müasir dövrdə iqtisadiyyatın diversifikasiyasını diqqət mərkəzində saxlamaq lazımdır”.
Qərarın Rusiyadakı azərbaycanlı iş adamlarına təsirinə gəlincə, ekspert bu istiqamətdə təsirlərin olacağını güman etmir: “Çünki proses daha çox Rusiyanın özünə sirayət edəcək. Ölkə iqtisadiyyatının böyük bir hissəsində azərbaycanlıların rolu var. Bu qərar kütləvi şəkildə tətbiq olunarsa, birinci Rusiyanın özündə xaos yaranar. Əhalinin ərzaq məhsulları ilə təmin edən sektorun demək olar ki, 70-80 faizini azərbaycanlılar və digər Qafqaz xalqları əhatə edir”.