Rusiya Prezidenti Vladimir Putin son zamanlar ölkədə qida məhsullarının qiymətinin kəskin artması səbəbindən iqtisadiyyat nazirini tənqid edib.
Teleqraf.com xəbər verir ki, prezident hökumət nümayəndələri ilə keçirdiyi görüşdə şəkər, günəbaxan yağı və tərəvəz kimi əsas qida məhsullarında son bahalaşmaya münasibət bildirib.
Prezident rusların real gəlirlərinin 4,3 faiz azaldığına diqqət çəkib: “İşsizliyin artdığı, gəlirlərin azaldığı bir şəraitində əsas məhsullar bahalaşıb. Şəkərin qiymətləri 71 faiz artıb. İnsanların əsas qidaya xərcləməyə pulları olmadığı üçün özlərinə məhdudiyyət qoyurlar. Səlahiyyətlilər nə edir? Bu, zarafat deyil, dərhal tədbir görülməlidir”.
Vladimir Putin Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikovun “Vəziyyəti izləyirik” sözlərinə də münasibət bildirib: “Şəkərin qiymətləri aylardır artmaqdadır, “izləyirik ”deyirsən. Artan işsizlik və gəlirlərin azalması şəraitində əsas məhsullar bahalaşır. Sən də mənə hekayələr danışırsan. Bu mövzularda yenə görüşlər keçirəcəksən, ya nə edəcəksən?”
Qeyd edək ki, Rusiya Baş Prokurorluğu qiymət artımlarını araşdırarkən şəkərin 71,5 faiz, günəbaxan yağının 23,8 faiz, unun 12,9 faiz artdığını açıqlamışdı.