15 Dekabr 2020 17:01
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn aydan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan təbii qazının İtaliya, Yunanıstan və Bolqarıstana kommersiya məqsədli nəqlinə başlanacaq. Boru xətti Azərbaycanın “Şahdəniz 2” layihəsindən hasil olunan qazı Türkiyədən İtaliyaya, oradan da Avropanın digər ölkələrinə çıxaracaq. Cənub Qaz Dəhlizinin Türkiyə-Yunanıstan sərhədinə qədər olan hissəsi TANAP 2018-ci ildə istifadəyə verilib. İddialara görə, TAP boyunca kommersiya məqsədli qazın axını yubanır. SOCAR isə layihənin plan üzrə getdiyini bildirir.

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə Teleqraf.com-a bildirib ki, TAP boru kəməri kommersiya məqsədli təbii qazın nəqli üçün tam hazır vəziyyətə gətirilib:

“Noyabrın 15-dən boru kəmərinin bütün lazımi mərhələləri tamamlanıb. İşlərin yekunlaşmasına baxmayaraq, müəyyən müddət boru kəmərlərində texniki qazın ötürülməsi əməliyyatı həyata keçirilir ki, buna da sınaq sazlama işləri deyilir. Hazırda sınaq sazlama işləri çərçivəsində nəql olunan texniki qaz İtaliyaya çatıb. Yaxın günlərdə kommersiya məqsədli qazın nəqlinə də başlanacaq.

Uzun müddətdir dünyada davam edən pandemiya bir çox müəssisələrin fəaliyyətində məhdudiyyətlərə səbəb oldu. Regionda və dünyada həyata keçirilən müxtəlif layihələrə nəzər yetirsək görərik ki, bir çoxunda 5-6 aylıq gecikmə baş verib. Buna baxmayaraq TAP layihəsi heç bir gecikmə olmadan, gözləniləndən öncə yekunlaşdı. Plana uyğun olaraq həyata keçirilən layihə dekabr ayının sonuna doğru kommersiya məqsədli qazın nəqlinə də imkan verəcək”.

Avropa İttifaqı tərəfindənTürkiyə ilə bağlı müəyyən sanksiyaların nəzərdən keçirildiyi qeyd edilir, bu, TAP-a təsir edə bilərmi?

Ekspert deyir ki, Cənub Qaz Dəhlizi və onun sonuncu seqmenti olan TAP həm region üçün, həm də Avropanın enerji təhlükəsizliyi nöqteyi-nəzərdən müstəsna rola malikdir: “Cənub Qaz Dəhlizi Avropa üçün dördüncü enerji dəhlizini açır və alternativ marşrut üzrə yeni mənbə ilə təmin edir. Başqa sözlə, Avropa ilk dəfə olaraq Xəzər qazına çatmış olacaq.

Eyni mənbədən fərqli marşrut üzrə təbii qaz almaq enerji təhlükəsizliyinə töhfə vermir. Amma həm alternativ marşrut, həm də yeni mənbə üzrə təbii qaz alınan zaman enerji təhlükəsizliyi güclənmiş olur ki, hazırda Cənub Qaz Dəhlizi də Avropa üçün bu funksiyanı görür. Ona görə də Cənub Qaz Dəhlizi və TAP layihəsi 2013-cü ildə Avropada ümumi maraq layihələri (PCI) siyahısına daxil edilib.

Avropanın ümumi maraqlarına xidmət edən strateji əhəmiyyətli layihələrə Avropa İttifaqı tərəfindən güclü dəstək verilir.

Qeyd edim ki, ABŞ tərəfindən İrana sanksiyalar tətbiq etdiyi zaman da “Şahdəniz” layihəsi bu sanksiyalardan istisna tutuldu. Cənub Qaz Dəhlizi də həm Avropanın enerji təhlükəsizliyi, həm də regionun stabilliyi baxımından olduqca əhəmiyyətli layihədir. Bu nöqteyi-nəzərdən yanaşdıqda layihə üzrə hər hansı bir problemin ola biləcəyi düşünülmür”.

Emin Axundzadənin müşahidələrinə əsasən, son 5 ildə Avropanın təbii qaz hasilatı 27 faiz azalıb, istehlak isə 17,2 faiz artıb: “Təbii qaz hasilatının azalması, istehlakın artması fonunda Avropa İttifaqının təbii qaz idxalından olan asılılığı son 5 ildə 65,8 faizdən təqribən 79 faizə qalxıb. Gələcəkdə bu tendensiyanın daha da artacağı gözlənilir. İdxal asılılığının artmasının ən başlıca səbəblərindən biri Avropanın daxili bazarında təbii qaz hasilatının kəskin azalmasıdır.

Belə ki, Avropa İttifaqının ən böyük təbii qaz yatağı olan “Groningen” yatağında hasilatın 2022-ci ilin ortalarına doğru tamamilə dayanması proqnozlaşdırılır. Bu, gələcəkdə Avropanın idxal asılılığının daha da artacağı ilə nəticələnəcək. Bununla yanaşı, Avropa İttifaqı sentyabr ayında bəyan etdi ki, 2030-cu ilə qədər karbon emissiyasını 40 faizdən 55 faizə qədər azaltmaq istəyir. Bu, İttifaqın qarşısında duran əsas strategiyalardan biridir.

Təbii qaz Avropanın bu strategiyasının həyata keçirilməsində xüsusi rol oynayır. Çünki kömürlə müqayisədə təbii qaz 50 faiz daha az karbon emissiya edir. Buna görə Avropa İttifaqında kömürlə işləyən bir çox elektrik stansiyaları təbii qazla işləyən stansiyalarla əvəzlənir. Bu da elektrik enerjisinin istehsalında mavi yanacağın payını artırır, nəticədə bazarda təbii qaz istehlakının artmasına gətirib çıxarır. Bu baxımdan Cənub Qaz Dəhlizi Avropanın yaşıl enerjiyə keçid strategiyasına da töhfə verən bir layihədir”.

Analitik hesab edir ki, Cənub Qaz Dəhlizi Avropa bazarında rəqabət mühitinin formalaşmasına da öz töhfəsini verəcək: “Avropanın bəzi ölkələri tək mənbədən qaz alır. Ona görə də bu bazarlarda rəqabət yoxdur, qiymətlər də digər bazarlarla nisbətən yüksək olur. Qiymətin yüksək olması amilinə görə, bəzi Avropa ölkələri kömürlə işləyən elektrik stansiyalarını təbii qazla işləyən elektrik stansiyaları ilə sürətlə əvəz edə bilmir.

Avropanın bəzi ölkələri var ki, təbii qaz bazarı ya yeni-yeni formalaşır, ya da ümumiyyətlə, yoxdur. Burada Bolqarıstan, Albaniya və Monteneqro kimi ölkələri misal çəkmək olar. TAP boru kəməri Albaniya üzərindən də keçir. Gələcəkdə kəmərin genişləndirilməsinin ikinci mərhələsində Albaniya buradan təbii qaz almaqda maraqlıdır. Bu da onu deməyə əsas verir ki, TAP bu ölkələrdə də təbii qaz bazarlarının formalaşmasına öz töhfəsini verəcək”.

TAP-ın gələn il Azərbaycan büdcəsinə gəlir gətirməsinə gəlincə, ekspert qeyd edib ki, “Şahdəniz” konsorsiumu tərəfindən 25 illik müqavilə 2013-cü ildə bağlanılıb: “Kəmər vasitəsilə kommersiya məqsədli təbii qaz nəql edilməyə başlananda TAP konsorsiumu gəlir götürməyə başlayacaq. Gəlir bölgüsü konsorsiuma daxil olan şirkətlərin müvafiq paylarına görə bölünəcək. SOCAR TAP layihəsi üzrə 20 faizlik paya sahibdir. Ancaq ümumilikdə Cənub Qaz Dəhlizini dəyərləndirdikdə Azərbaycan bu layihəni meydana gətirən dörd seqmentin dördündə də əsas oyunçudur və pay sahibidir. Bu, enerji layihələrində əhəmiyyətli bir məqamdır. Çünki enerji layihələrində həm apstrim (hasilat), həm midstrim (nəqletmə), həm də daunstrim (paylama) sahələrində olduğunuz zaman əlavə dəyər yarada bilirsiniz. Nəzərə alsaq ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini meydana gətirən 4 seqmentin hər birində əsas pay sahibidir, bu da ölkəyə həm əlavə dəyər qazandıracaq, həm də yeni əməkdaşlıq imkanlarının ortaya çıxmasına fürsət yaradacaq.

Hazırda Azərbaycan SOCAR-ın timsalında həm Gürcüstanda, həm də Türkiyədə təbii qazın paylanma əməliyyatını həyata keçirir. Gələcəkdə Azərbaycan Avropada, əsasən də cənubi-şərqi Avropa ölkələrində daunstrim əməliyyatlarına daxil ola bilər. Bu da öz növbəsində ölkəmizin gəlirlərinin daha da artmasına gətirib çıxara biləcək”.


Müəllif: Yeganə Oqtayqızı
TAP

Oxşar xəbərlər