“Artıq müharibənin aktiv fazası bitib. Bu isə məsələlərə daha məntiqli yanaşmaq imkanı yaradır”.
Teleqraf.com xəbər verir ki, iqtisadçı-ekspert Rəşad Həsənov bu fikirdədir.
Ekspert deyir ki, Azərbaycanda əmək bazarının əhəmiyyətli hissəsinin illeqal olması hər kəsə məlumdur: “Təxminən hər 3 nəfərdən 2-si qanunsuz çalışır. Bu isə könüllü və yaxud səfərbərliyin tələbi ilə vətən müdafiəsində iştirak edənlərin əhəmiyyətli hissəsinin defakto gəlirsiz qalması deməkdir. Bu gün kimlərsə şikayətlənən əsgərləri qınayır. Amma bunu etməmişdən əvvəl sizi özünüzü onların yerinə qoymağa dəvət edirəm. Düşünün, oxşar vəziyyətdə sizin ailəniz və ya övladınızdır. O zaman nə edərdiniz?
Vətən çox geniş, eyni zamanda da mücərrəd məhfumdur, hər kəs üçün Vətənin mərkəzi onun ailəsidir. Ailə çətindədirsə, övlad acdırsa, xəstədirsə, soyuqdadırsa və valideyin heç nə edə bilmirsə, o zaman hər şey mənasını itirir. Bax elə bu məqamı düşünməyə mütləq dəyər. Sonra kimlərisə ittiham etməmək üçün... ”
İqtisadçı yaranmış vəziyyətin çevik idarə edilməsi və vəziyyətin daha da pisləşməməsi üçün bir neçə təklif irəli sürüb:
“Birinci, "Yaşat" Fondunun Nizamnaməsinə dəyişiklik edilsin və hazırda ordu sıralarında iştirakı səbəbindən ailəsinin gəlirləri dayanmış şəxslərin Fonda müraciət hüququ yaradılsın. Bu hüquq həmin şəxsin xidmət göstərdiyi müddətdə qüvvədə olsun.
İkinci, Nazirlər Kabinetinin 7 aprel tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə" Sərəncamına dəyişiklik edilsin.
Vətən müharibəsi ilə əlaqədar ordu sıralarına cəlb edilmiş və ödənişsiz şərtlərlə xidmətini davam etdirən (müharibə bitdikdən sonra təxris edilməmiş), cəlbetmədən əvvəl rəsmi iş yeri olmayan, gəlirlərinin davamlılığı qorunmayan şəxslər qeyd-şərtsiz "işsiz" hesab edilsin və cari sərt karantin rejimi müddətində icra edilən 190 manatlıq birdəfəlik maliyyə yardımı ödənilsin.
Üçüncü, Vətən müharibəsinə cəlb olunması səbəbindən rəsmi iş yerini və gəlirini itirmiş şəxslərlə əmək müqaviləsi bağlanılsın və minimum əmək haqqının ən az 2 misli (aylıq 500 manat) məbləğində maaş ödənilsin”.