Koronavirus peyvəndi ilə bağlı müjdəli xəbərlər dünya iqtisadiyyatında canlanmaya ümidləri artırır.
Teleqraf.com xəbər verir ki, “Bloomberg”in analizinə görə, peyvəndlərdən istifadə yaxın aylarda dünya əhalisinin təxminən yarısını, istehsalın isə 60 faizini təşkil edən ölkələrdə iqtisadi böyüməni dəstəkləyə bilər.
Peyvənd gələn il dünya ölkələrinin ümumi daxili məhsuluna (ÜDM) 3,7 faiz (3,2 trilyon dollar) dəstək verə bilər, beləliklə, pandemiya dövrü ilə aradakı fərq əhəmiyyətli dərəcədə azalmış ola bilər.
Qlobal ÜDM-in yarıdan çoxunu və dünya əhalisinin üçdə birini təşkil edən 16 inkişaf etmiş və inkişaf etməkdə olan ölkə iqtisadiyyatı kifayət qədər peyvənd sifariş edib. Təxmini hesablamalara görə, bu ölkələrin iqtisadiyyatında istehsal virusdan əvvəlki dövrlə müqayisədə 2020-ci ilin son rübündə orta hesabla 6 faiz azalıb. Peyvənddən geniş istifadə bu boşluğu aradan qaldıraraq qlobal ÜDM-i 3,2 faiz artıra bilər.
Əsasən inkişaf etməkdə olan, qlobal milli gəlirin 9 faizi və əhalinin 15 faizinin payına düşən digər 11 ölkə yetərincə peyvənd alıb.
Nikbin ssenarilərdə peyvəndləmə ilə yanaşı bu ölkələrin iqtisadiyyatı pandemiya öncəsi səviyyəyə yaxınlaşa bilər.