23 Dekabr 2020 13:18
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Konqresdə qəbul edilən COVID-19 epidemiyası paketində bəzi dəyişikliklərə, o cümlədən 600 dollarlıq nağd yardımı 2000 dollaradək artırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, təşviq paketi həm Senat, həm də Nümayəndələr Palatası tərəfindən imzalanandan sonra təsdiqlənməsi üçün Donald Trampa təqdim olunub.

O, təşviq paketini "rüsvayçılıq" olaraq xarakterizə edib: "Konqresə bu paketdəki absurd dərəcədə aşağı olan 600 dollarlıq nağd pulu 2000 dollara qaldırmağa çağırıram".

ABŞ prezidenti paketdə Kamboca, Myanmar kimi ölkələrə və hazırda fəaliyyət göstərməyən bəzi mərkəzlərə yardımı nəzərdə tutan maddələrə də diqqət çəkib: "Eyni zamanda Konqresi paketdəki israfçı və lazımsız maddələri aradan qaldırmağa və mənə məqbul bir qanun layihəsi göndərməyə çağırıram. Əks təqdirdə, bu paketlə növbəti rəhbərlik məşğul olacaq. Bəlkə növbəti rəhbərlikdə yenə mən olacağam...”

Qeyd edək ki, Cümhuriyyətçi və Demokratik Partiya arasında uzun müddət davam edən danışıqlardan sonra razılaşdırılmış 5 min 593 səhifəlik qanun layihəsinə COVID-19 epidemiyasının iqtisadi təsiri üçün təxminən 900 milyard dollarlıq dəstək paketi ilə növbəti maliyyə ili üçün 1,4 trilyon dollarlıq büdcə daxildir.

ABŞ tarixində ikinci ən böyük iqtisadi yardım paketi olaraq xarakterizə edilən qanun layihəsində gəlirlərini itirən amerikalılara və kiçik müəssisələrlə, o cümlədən bir çox sahələrə dəstək verilməsi nəzərdə tutulur. Bu çərçivədə müəyyən meyarlara cavab verən vətəndaşlara və uşaqlara 600 dollarlıq birdəfəlik nağd yardımın verilməsi, mart ayına qədər əlavə 300 dollarlıq işsizlik yardımı planlaşdırılır.

Layihə kiçik müəssisələrin əmək haqqının qorunması proqramına 248 milyard dollar, kirayə yardımına 25 milyard dollar, peyvənd paylanması üçün 8 milyard dollar, aviaşirkətlərə 15 milyard dollar, qida yardımına 13 milyard dollar, məktəblər və universitetlərə 82 milyard dollar, uşaq baxımı üçün 10 milyard dollar, nəqliyyat sistemlərinə 14 milyard dollar, fermerlərə isə 13 milyard dollar vəsait ayırmağı hədəfləyir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər