23 Dekabr 2020 14:14
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad edilən ərazilərin bərpası üçün gələn il büdcədən 2,2 milyard manat vəsait ayrılacaq. Məbləğin az və ya çox olması barədə müzakirələr gedir. Əslində bu, səhv yanaşmadı, pulun miqdarı yox, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı planları müzakirəyə açılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, 2,2 milyard manat əsasən minalardan təmizləmə, işğaldan azad edilmiş 127 km İran, 400 km-dən çox Ermənistan sərhədinin yenidən təsis edilib mökəmləndirilməsinə, ilkin infrastruktur (yol, elektrik, qaz, su) layihələrinə xərclənəcək:

“Yəni gələn il şəhər və qəsəbələrin bərpası hələ nəzərdə tutulmur - bir tək Şuşada bəzi bərpa işləri gözlənilir. Ümid edirəm ki, 2021-ci ildə hökumət bərpa "vizionunu" cəmiyyətə açıqlayacaq, bu haqda ciddi elmi müzakirələr olacaq”.

Natiq Cəfərli işğaldan azad edilən torpaqların bərpası üçün bir neçə təklif irəli sürüb: “Düşünürəm ki, ərazilərin bərpa planı bütöv olmalı, kompleks yanaşma ilə tərtib edilməlidir. Yəni hər şəhərin ayrıca planı olmaqla yanaşı, ərazilərin tamamını əhatə edən uzlaşdırıcı və bağlayıcı məqamlar düşünülməlidir.

Bundan əlavə, bərpa planının ən son mərhələsi arxitekturadır. Əvvəl bilməliyik ki, biz nə istəyirik, hər şəhərin iqtisadi və sosial rolu nədən ibarət olacaq, yalnız bundan sonra arxitektura planlamasına keçmək olar.

Hesab edirəm ki, kiçik kəndlərin hər birinin bərpasına ehtiyac yoxdur. İşğaldan azad edilən hər bir rayon mərkəzindən başqa, rayonun ərazisində 5-10 arası iri qəsəbələrin yaradılması ilə bağlı qərar verilməli, onların yeri hərbi-strateji, sosial-iqtisadi və resurslara çıxış imkanı olan infrastrukturun asan yaradılması kriteriyalarına görə seçilməlidir.

İqtisadi bağlar mütləq əvvəlcədən düşünülməlidir. Məsələn, əgər Ağdamda aqrar emal müəssisələri olacaqsa, onların xamalı Fizulidən, Cəbrayıldan, Hadrutdan gəlməlidir.

Ən azı 2 şəhərdə tanınmış xarici universitetlərin filialları və kampusu olan elmi-tədris mərkəzi açılmalıdır.

Hər bir bərpa edilən şəhərin öz missiyası olmalıdır, 2 şəhər elm-təhsil mərkəzi olacaqsa, Şuşa mədəniyyət paytaxtı, məsələn, Cəbrayıl yerli "Las-Veqas", Qubadlı və Kəlbəcər eko-turizm və sağlamlıq mərkəzi ola bilər.

Bütün şəhər və qəsəbələr 21-ci əsr vizionu ilə salınmalıdır - ekoloji şəhər nəqliyyatı, bərpa olunan enerji mənbələri, velosiped yolları, smart şəhər yanaşması və s. Hər bir şəhər və qəsəbədə iqtisadi fürsətlər üçün tam münbit şərait olmalıdır ki, əhalinin köçməsinin mənası və əsası olsun.

Fərdi evlərin tikintisinə faizssiz kreditlər ayrılmalı, hər bir fərdi ev avtonom bərpa olunan enerji mənbəyinə malik olmalı, damlarda günəş panelləri quraşdırılmalı, bunun infrastrukturu yaradılmalı, artıq qalan enerjini dövlət fiksə edilmiş qiymətlərlə alacağı zəmanətini verməlidir,

İsvestorlar üçün 7 illik 0% vergi zəmanəti öncədən qanun şəklində qəbul edilməlidir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər