Şahin Mustafayev: “Bu, 2014-cü ildə keçirilən üçüncü Azərbaycan-Rusiya biznes forumudur”
Bakıda Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, tikinti, konsaltinq, turizm sahələrində fəaliyyət göstərən 60-a yaxın şirkətin nümayəndəsi iştirak edib.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin, o cümlədən Rusiyanın subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib.
Nazir bildirib ki, Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır: “Bu gün baş tutan biznes forum bu il keçirilən sayca üçüncü Azərbaycan-Rusiya biznes forumudur. Rusiyanın 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiyalar fəaliyyət göstərir, 14 subyekti ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb. Son 4 ildə Azərbaycan və Rusiyanın subyektləri arasında 17 biznes forum, işgüzar görüş və sərgi keçirilib”.
Şahin Mustafayev deyib ki, Azərbaycan Rusiyanın Ulyanovsk vilayəti ilə də fəal əməkdaşlıq edir: “Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10 faizdən çox, Ulyanovsk vilayəti ilə isə 13 faiz artıb”.
Ulyanovsk vilayətinin hökumətinin başçısı, qubernator Sergey Morozov Rusiya Federasiyasının digər subyektləri kimi, Ulyanovsk vilayətinin də Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib: “Ulyanovskda Azərbaycanın Mədəniyyət Mərkəzinin və Heydər Əliyev adına orta məktəbin tikintisi nəzərdə tutulur. Ulyanovsk maşınqayırma, aviatikinti, cihazqayırma sahələri üzrə Rusiyanın ən aparıcı regionlarından biridir”.
Sergey Morozov deyib ki, Ulyanovsk vilayəti Azərbaycandan investisiya cəlb etməkdə maraqlıdır. Qubernator deyib ki, yaxın zamanda Rusiyanın Ulyanovsk şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşması ilə bağlı saziş imzalanacaq.
Azpromo və Ulyanovsk vilayətinin “Sahibkarlığın İnkişafı Korporasiyası” Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
NAİBƏ