25 Dekabr 2020 18:34
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər ilin sonu yaxınlaşanda və ya dünya bazarlarında neft ucuzlaşanda Azərbaycanda devalvasiya söhbətləri gündəmə gəlir. 2015-ci ildə 2 dəfə devalvasiyanın şahidi olmuş vətəndaşlarımız bu sözün ağırlığını hələ də unutmayıblar. Bankların 1/3-i sıradan çıxdı, əmanətçilərin, şirkətlərin vəsaitlərinin bir hissəsi batdı, qiymətlər artdı. Əhalinin dollar kreditlərinə görə itkiləri dövlətin dəstəyi ilə kompensasiya olunsa da, sahibkarların iki dəfədən çox artmış kredit yükü hələ də həll olunmamış qalır”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O bildirib ki, devalvasiya söhbəti yenidən gündəmdədir: “Çünki gələn il gözləntilərin əksinə olaraq pandemiya problemi çözülməzsə, iqtisadiyyatlar yenidən qapanmaya məcbur olacaqlar. Bunun isə fəsadları aydındır: neftin ucuzlaşması fonunda büdcə gəlirləri kəskin azalır, karantin tədbirləri nəticəsində bir tərəfdən vergi və gömrük rüsumlarının azalması, digər tərəfdən sahibkarlara və əhaliyə maliyyə yardımları büdcə yırtığını böyüdür.

Üstəgəl, işğaldan azad olunmuş ərazilərin bərpası az olmayan əlavə vəsait tələb edir. Hökumət kəsirin daxili və xarici borclanma hesabına örtülməsini planlayır”.

Devalvasiya çıxış yoludurmu? Devalvasiya olacaqsa, onun səviyyəsi nə qədər olmalıdır?

Ekspert deyir ki, makroiqtisadi fəsadları müəyyənləşdirmədən devalvasiyanın optimal səviyyəsi haqqında fikir bildirmək düzgün deyil: “Bu gün zamanlama məsələsi də çox aktualdır. Yəni istənilən addımın düzgün zaman kəsiyində atılması onun faydasını daha da artırır, tələskənlik isə faydanı heç endirə bilər. Bunu devalvasiya barədə də demək olar.

Fikrimcə, bu gün devalvasiyanın olmaması daha münasibdir. Devalvasiyanın müsbət və mənfi tərəflərini sadalamaq olar. Ancaq bu zaman tərəzinin hansı gözünün ağır gəlməsi daha vacibdir. İndiki halda ağır gələn tərəf devalvasiyanın zərərləridir.

Heç kimə sirr deyil ki, Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin milli valyutanın məzənnəsindən asılılığı çox yüksəkdir. Əsas səbəb idxaldan yüksək asılılığımızdır. Manatın dollara münasibətdə dəyərsizləşməsi daxili bazarda istisnasız olaraq qiymətlərin, o cümlədən yerli məhsulların kəskin bahalaşmasını şərtləndirir. Bu isə əhalinin sosial vəziyyətini pisləşdirir. 2015-ci ildən fərqli olaraq əhalinin həssaslığı daha artıb. Gəlirləri son illər azalıb və karantinin iqtisadi zərbəsi isə hələ də kompensasiya olunmayıb”.

Samir Əliyev hesab edir ki, devalvasiyanın ilk vuracağı zərbə maliyyə sektoru olacaq: “Söhbət daha çox banklardan gedir. Bankların aktivlərinə və öhdəliklərinə diqqət yetirək. Dekabrın 1-də ölkə üzrə xarici valyutada verilən kreditlərin həcmi 4,4 milyard manat, cəlb edilmiş xarici valyuta depozitlərinin həcmi isə 13 milyard manata bərabərdir.

Göründüyü kimi, fərq 8,6 milyard manatdır, 10 faizlik devalvasiya kifayət edər ki, bankların əhali və şirkətlər qarşısındakı borcları bir anda 860 milyon manat artsın. Bu, hələ məsələnin bir tərəfidir.

Dollar depozitlərinin 1,3 milyard manatı bankların öz puludur. Yəni artıq pulunu digər banka depozit şəklində qoyan bank sabah həmin pulu geri almaqda çətinlik çəkəcək. 6,3 milyard manat həcmində olan tələb olunanadək manat depozitlərinin devalvasiya şoku nəticəsində banklardan çıxarılma riski artır. Valyuta riskini düzgün idarə etməməyə görə 2015-ci ildə xeyli zərbə alan banklar bu dəfə problemi həll etməyə müvəffəq olublar. Ancaq ölkənin ən böyük və dövlət bankı olan Beynəlxalq Bank hazırda 1 milyard manatdan çox açıq valyuta mövqeyinə malikdir. 10 faizlik devalvasiya bərpa prosesində olan bankın borc yükünü 100 milyon manat artıra bilər.

Bankların 4,4 milyard manat həcmində dollar kreditinə malik olması həmin vəsaitin hamısının vaxtında və itkisiz ala bilməsi anlamına gəlmir. Məhz 2015-ci il devalvasiyası dollar kreditlərinin qaytarılmasında problemlər yaratdı. Təsadüfi deyil ki, bu dövrdə problemli kreditlərin həcmi 976 milyondan AZN-dən 1,6 milyard AZN-ə qədər artdı”.

Maliyyə sektorunda banklarla yanaşı sığorta şirkətləri də böyük zərbə alır. Vəsaitlərinin milli valyutada yerləşdirən sığorta şirkətləri üçün devalvasiya baş verdikdə sığorta ödənişləri artır, bağlanan bankda isə vəsaitləri itir”.

Analitik onu da qeyd edib ki, devalvasiyanın mənfi tərəflərindən biri də xarici borca xidmət xərclərini artırmasıdır: “Bu il hökumət və SOCAR birlikdə xaricə 4 milyard manata yaxın borc ödəməlidir. Bunun 2 milyard manatdan çoxu dövlətin payına düşür. Hökumət eyni zamanda daxildən 2 milyard manata qədər borc yığmağı planlaşdırır. Devalvasiya xarici borcu artırmaqla yanaşı, daxili borcun cəlbediciliyini azaldacaq. Dövlət şirkətlərinin xarici borcları açıqlanmasa da, onların həcminin yüksək olduğunu bilirik. Nəzərə alaq ki, SOCAR istisna olmaqla digərlərinin qazancı manatla, borcları isə xarici valyutadadır. SOCAR-da isə qazancının əsas hissəsi milli valyutada formalaşır. Məsələn, SOCAR hər il xaricə 1 milyard dollardan çox borc ödəyir”.

Mütəxəssis yekunda qeyd edib ki, devalvasiyanın baş verməsi maliyyə sektorunu, o cümlədən bankları sırada çıxara bilər: “Devalvasiyanın kəskinliyinin artması isə onun dağıdıcılıq qabiliyyətini daha da artırar. Devalvasiyadan sonra Mərkəzi Bank inflyasiyanı cilovlamaq üçün pul-kredit siyasətinin sərtləşdirməyə məcbur olacaq. Bunun üçün uçot dərəcələrini artırmaq, pul kütləsini sıxmalı olacaq. Bu isə son aylar iqtisadi aktivliyi minimuma düşmüş biznes üçün arzuolunmaz haldır.

Devalvasiyanın sosial-psixoloji fəsadları da ağırdır. Əhalinin milli valyutaya və bank sektoruna, sahibkarların və xarici investorların isə makroiqtisadi sabitliyə inamını sarsıdır”.


Müəllif: Yeganə Oqtayqızı