“Azərbaycan üzərindən tranzit yüklərin daşınması daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bu səbəbdən hökumət ölkəmiz vasitəsi ilə daşınan yüklərin həcminin dəfələrlə artırılmasını hədəfləməlidir”.
Bunu Teleqraf.com-a İqtisad elmləri doktoru, professor, sabiq nazir Fikrət Yusifov deyib.
O bildirib ki, Azərbaycan şərqlə qərb, şimalla cənub arasında tranzit yüklərin bütün nəqliyyat vasitələri ilə daşınması üçün çox uğurlu coğrafi məkandır: “Hələ qədimdən qərblə şərqi birləşdirən orta ipək yolunun Azərbaycan üzərindən keçməsi heç də təsadüfi deyil. Ərazinin tranzit yüklərin daşınması üçün bu qədər əlverişli olması bizə təbiətin bəxş etdiyi enerji resurslarından – neft və qazdan daha qiymətlidir. Çünki təbi resursların həcmi azala və tamamilə qurtara, yaxud dünya bazarlarında onların qiyməti birdən-birə bir neçə dəfə dəyişə bilər. Ancaq tranzit yüklərin daşınması bu hallardan demək olar ki, tam sığortalanmış bir sahədir.
Tranzit yükdaşımalar sahəsində yeganə baş verə biləcək rahatsızlıq qonşu ölkələr tərəfindən ərazimizdən keçən yollara alternativ yolların çəkilməsi ola bilər ki, bu da çox az ehtimal olunan variantdır. Çünki belə beynəlxalq yolların çəkilməsi kifayət qədər kapital tutumludur. Bu səbəbdən heç də hər ölkə buna həmişə hazır olmur.
Digər tərəfdən, qonşu ölkələrdə belə yolların çəkilməsi Azərbaycan üzərindən analoji yollarlla daşınan yüklərin tariflərində müəyyən dəyişikliyə (daşıma qiymətlərinin aşağı düşməsinə) səbəb ola bilər ki, bunun da qarşısını müxtəlif rıçaqlarla, o cümlədən çevik tarif siyasəti aparmaqla almaq mümkündür”.
Fikrət Yusifov dünya bazarlarında neftin qiymətlərindəki kəskin dalğalanmaya da diqqət çəkib: “Hazırda neft qiymətləri getdikcə daha çox siyasi alver vasitəsinə çevrilib və alternativ enerji mənbələri sürətlə inkişaf edir. Belə bir vaxtda Azərbaycan üzərindən tranzit yüklərin daşınması daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bu səbəbdən hökumət gələcəkdə ölkəmiz üzərindən daşının yüklərin həcminin on dəfələrlə artırılmasını hədəflənməlidir.
Ölkəmiz neftin satışından əldə olunan vəsaitlərin əhəmiyyətli bir hissəsini məhz Azərbaycan vasitəsi ilə müxtəlif nəqliyyat növlərinə aid yeni beynəlxalq yolların çəkilməsinə və kommunikasiyaların qurulmasına xərcləməlidir. Bu, Aqzərbaycan üçün böyük perspektivi olan və ən səmərəli hesab ediləcək bir yatırım olar.
Son iyirmi ilə yaxın vaxt ərzində Azərbaycanda bu istiqamətdə işlər görülüb. Lakin hesab edirik ki, bu hələ mövcud potensial imkanların 10 faizini belə aşmır. Söhbət tranzit yükdaşımalardan milyardlarla dollar qazancın əldə olunmasından gedir”.