“Cənub Qaz Dəhlizi son 30 ildə dünyanın neft-qaz sənayesi tarixində ambisiyalı və geosiyasi əhəmiyyət kəsb edən layihədir. Çünki dünyanın enerji bazarlarında baş verən hadisələr, enerji ixrac və istehlak edən ölkələrin xarici siyasətinə təsir edir”.
Bunu Teleqraf.com-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
O bildirib ki, Cənub Qaz Dəhlizinin tam miqyasda istismara verilməsi Avropanın etibarlı və çoxşaxəli qaz təchizatında Azərbaycanın mühüm strateji rolunu artıracaq: ”Cənub Qaz Dəhlizinin Avropa ayağı olan TAP sisteminin kommersiya istismarına verilməsi ikiqat şaxələndirməni təmin etməklə yanaşı, Avropada gələcək onilliklər ərzində milyonlarla istehlakçı üçün yeni etibarlı, davamlı enerji marşrutu və qaz mənbəyinə çevrildi.
Süni maneələrə və məhdudiyyətlərə baxmayaraq sənaye istismarına verilmiş TAP sistemi beynəlxalq səviyyədə tanınmış keyfiyyət, sağlamlıq , təhlükəsizlik və ətraf mühit standartlarına uyğun şəkildə fəaliyyət göstərəcək”.
Analitik qeyd edib ki, Azərbaycan qazının Avropa bazarlarına daxil olması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək: “Bu layihə qitənin enerji xəritəsində ciddi dəyişikliklərə səbəb oldu.
Belə ki, Cənub Qaz Dəhlizi uzun illər Avropada hökmranlıq edən digər qaz inhisarçısının qaz rıçaqlarına geosiyasi ağırlıq vermək cəhdlərini tamamilə zərərsizləşdirdi, eyni zamanda Cənubi və Şərqi Avropa istiqamətindəki axınları yalnız Avropada deyil, Türkiyədə də lazımsız hala gətirdi.
Cənub Qaz Dəhlizi sadəcə bir ixrac gücü deyil, həmçinin geniş bir əməkdaşlıq platformasıdır. Çünki adıçəkilən enerji nəqliyyat dəhlizi Xəzər dənizinin enerji qaynaqlarını Avropanın enerji bazarları ilə birləşdirir. Həmçinin Cənub Qaz Dəhlizinin iki elementinin - TANAP və TAP sisteminin Avropanın qaz bazarında genişlənməsinə və daha geniş coğrafiyanı əhatə etməsinə zəmin yaratdı”.
Zəfər Vəliyev hesab edir ki, bazar şərtlərindən asılı olaraq perspektivdə kiçik texnoloji dəyişikliklər etməklə TAP sisteminin illik ötürücülük gücünü 20 milyard kubmetrə çatdırmaq olar: “Şahdəniz" qazının Bolqarıstan, Yunanıstan və İtaliyada daxili qaz tələbatının sıralama ilə təxminən 30, 20 və 12 faizini təşkil edəcəyi gözlənilir. Paralel olaraq, "Şahdəniz" qazı Yunanıstanın cənub-şərqi Avropaya qaz tranzitində rolunu artıracaq və İtaliyada enerji qiymətlərini daha rəqabətli edəcək. Eyni zamanda TAP sistemi hazırda yerli kömürdən asılı olan ticari bir qaz sektoru olmayan Qərbi Balkanların (Albaniya, Kosovo, Çernoqoriya) qazlaşdırılmasına da kömək edəcək”.
Ekspertin fikrincə, Cənub Qaz Dəhlizinin tam miqyasda işləməsi Türkiyənin Avropa İttifaqının enerji təhlükəsizliyində rolunun artıracaq: “Türkiyənin qaz infrastrukturu son on ildə sürətlə inkişaf edib. Ölkə hazırda bölgənin ən böyük elektrik və qaz bazarına sahibdir. "Şahdəniz" qazının Türkiyə üzərindən Avropa qaz bazarına daxil olması Türkiyəni Almaniya və İspaniya kimi Avropanın "qaz qapısı" statusuna yiyələnməsinə səbəb oldu.
2015-ci il Paris sazişindən sonra Aİ-nın iddialı iqlim hədəfləri, karbonsuz texnologiyaları intensiv inkişaf etdirmə strategiyası, ölkələrin enerji portfelində ciddi dəyişikliklərə səbəb olmaqdadır. Aİ-nın neytral iqlim, yaşıl enerji siyasətində təbii qazın keçid yanacağı statusunu artıracaq və Azərbaycan bu imkanlardan istifadə edərək, öz qaz ixrac potensialını artırmalıdır”.