2020-ci il dekabr ayının ortalarına olan vəziyyətə görə, Dünya Bankının (DB) “Azərbaycanda üçüncü yol layihəsi”nin icrası üçün ayırdığı kreditin istifadə olunmuş məbləği təqribən 311,3 milyon ABŞ dolları (əlavə maliyyələşdirmə də daxil olmaqla, bankın ümumi öhdəliklərinin 99,6 %-i) təşkil edir.
Teleqraf.com DB-nin hesabatına istinadən xəbər verir ki, layihə reallaşdırılması inkişaf hədəflərinə çatmaq yolunda irəliləyir.
“Avtomobil yoluna xidmət göstərilməsi məqsədilə üç bölmə üçün ofis və depo tikintisi üzrə alt komponent istisna olmaqla, layihənin bütün əsas fəaliyyətlərinin icrası vaxtında başa çatdırılıb”, - hesabatda deyilir.
Layihənin 31 mart 2021-ci il tarixində sona çatacağı planlaşdırılır.
Qeyd edək ki, layihə üç komponentdən ibarətdir. 369,6 milyon ABŞ dolları dəyərindəki birinci komponent M4 Bakı-Şamaxı avtomobil yolunun 94 km-lik hissəsinin və M3 Yenikənd-Şorsulu avtomobil yolunun 48 km-lik hissəsinin dörd zolaqlı magistrala qədər modernləşdirilməsi daxil olmaqla magistral yolun yaxşılaşdırılmasını nəzərdə tutur. 19,35 milyon ABŞ dolları dəyərindəki ikinci komponent avtomobil yollarına texniki xidmət üzrə islahata dəstək (Azərbaycan avtomobil yollarının idarə edilməsi və maliyyələşdirilməsi) təklif edir. 5,32 milyon ABŞ dolları dəyərindəki üçüncü komponent layihənin idarə edilməsi və texniki yardım və layihənin reallaşdırılması üçün əlavə xərclərin maliyyələşdirilməsi də daxil olmaqla, “Azərbaycan Avtomobil Yolları” QSC-yə (indiki - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – red.) institusional dəstəyi özündə ehtiva edir.
Daha əvvəl birinci komponentin dəyəri 448,1 milyon ABŞ dolları, ikincisi 25 milyon ABŞ dolları, üçüncüsü isə 4 milyon ABŞ dolları dəyərində qiymətləndirilirdi.
Müvafiq olaraq layihə əvvəlcədən nəzərdə tutulduğu kimi 477,1 milyon ABŞ dollarına yox, 394,27 milyon ABŞ dollarına başa gələcək.