5 Yanvar 2021 17:11
4 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

13:09

Xəbər verdiyimiz kimi, dekabrın 31-də ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail oldu. Söhbət Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılmasından gedir. Kommersiya məqsədli təbii qaz İtaliyaya, Yunanıstan və Bolqarıstana çatdırılıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a layihənin Azərbaycana iqtisadi səmərəsini şərh edib.

O bildirib ki, təbii qaz Azərbaycanın xam şəkildə bazara çıxarmaq istədiyi məhsuldur: “Bazara çıxarılan istənilən məhsulun marketinqi eyni xüsusiyyətə malikdir. Yəni məhsulun həcmi nə qədər çox olarsa, gəliri bir o qədər artmağa meyllidir. 2007-ci ildən Azərbaycan qaz ixracatçısıdır. Bunu böyük həcmdə satmaq üçün lazımi infrastruktur olmalı idi. Bu infrastrukturu 2018-ci ildə Türkiyə-Avropa sərhədlərinə qədər, 2020-ci ildə isə Avropaya qədər əldə etdik.

Bundan sonra Azərbaycanın böyük bazarlarda təbii qaz satmaq imkanı var. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan Türkiyə və Avropa bazarlarında yaxın 25 ildə 400 milyard kubmetrə qədər qaz satacaq. Bununla bağlı müqavilələr var, artıq alıcılarla hüquqi müstəvidə hər bir məsələ həllini tapıb. Geriyə bu qaz həcmlərini istehsal edib istehlakçılara çatdırmaq qalır. Bu, prosesin mexanizmidir”.

İlham Şaban qeyd edib ki, Azərbaycan daha çox məhsul satmaq istəyir: ”Təkcə “Şahdəniz” layihəsi nəzərdə tutulmur. Artıq qeyd edilib ki, Abşeronun ikinci fazasından 5 milyard kubmetr qaz xarici bazarlara çıxarılacaq. Bu, əlavə gəlirdir. Digər yataqlar da açıldıqca onlar daxili bazarların təminatını ödədikdən sonra izafi həcmlərin xarici bazarlara çıxarılması gündəmdə olacaq.

Həcmlər artdıqca Azərbaycanın gəlirləri də artacaq. Gəlir bazarda malın qiymətinə bağlıdır. Əgər malın qiyməti yüksək olursa, gəlirin həcmi də artır. Gəlirə təsir edən digər amil yataqların işlənməsinə qoyulan kapital qoyuluşunun geri qaytarılmasıdır. Vəsait qayıtmalıdır ki, dövlətin mənfəəti artsın. İlkin mərhələdə gəlirlərin əsas hissəsi kapitalın qaytarılmasına sərf edilir. Bu baxımdan Azərbaycanın ilk layihəsi Azəri-Çıraq-Günəşlinin həyata keçirilməsi, vəsaitlərin bölünməsi göz önündədir. 2005-2015-ci illərdə Azərbaycana böyük neft gəlirləri axmağa başladı”.

Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olundu. Bu baxımdan təbii qaz neftdən gələn gəlirləri üstələyə bilərmi?

İlham Şaban məsələyə iki aspektdə baxmaq lazım olduğunu vurğulayıb: “Tutaq ki, Azərbaycan 2030-35-ci illərdə xarici bazarlarda 30 milyard kubmetr, bəlkə bundan da çox qaz satacaq. Azərbaycan hazırda 26 milyon tondan bir qədər artıq neft ixrac edir. Ehtimal ki, bu həcmlər 10-15 ildən sonra heç 20 milyona çatmayacaq, amma qazın həcmi kifayət qədər böyük olacaq. Bu zaman qazın gətirdiyi gəlir neftdən çox olacaq.

Bir də baxmaq lazımdır ki, müstəqillik illərində neft Azərbaycana ümumilikdə nə qədər mənfəət gətirib... Daha sonra 2010-cu və 2050-ci illərdə qazın ixracı, daxildə satışı, emal prosesində kondensat şəklində mavi yanacaqdan alınan məhsulların gətirdiyi gəlirlərə nəzər salmaq lazımdır. Bütün bunlar yenə qiymətə və müxtəlif ssenarilərə əsaslanır.

Hesablamalarıma əsasən, 2050-ci ilə qədər ancaq Azəri-Çıraq-Günəşli yatağından 250 milyard dollar dövlətin mənfəəti ola bilər. Artıq bunun 150 milyard dollarını əldə etmişik. Bundan sonra da ən minimal qiymətlərlə götürüb qeyd edirəm ki, ola bilsin, 100-150 milyard əldə edə bilərik. Bu baxımdan bilmirik ki, 5-10 ildən sonra qazın qiyməti nə qədər olacaq... Hazırda mavi yanacağın bir kubmetrini 200 dollara satırıq. Ola bilsin 10 il sonra 300-350 dollara satdıq.

Digər tərəfdən Azərbaycanın ancaq “Şahdəniz-2” layihəsi üzərində ixrac müqaviləsi var. Başqa müqavilələr olandan sonra bəlkə Azərbaycan bütün Qafqazın, o cümlədən Ermənistanın qaz təminatını öz üzərinə götürəcək. Ola bilər ki, Azərbaycan Dağıstana yenidən qaz ixrac etməyə başlasın, eləcə də ölkəmiz Türkiyədə satış həcmlərini artıra bilər. Avropada qazın satış həcmləri onsuz da artacaq, çünki genişləndirmə zamanı əlavə ölkələr var ki, Azərbaycandan qaz almaq istəyirlər. Çox faktorlar var və bu amillər ətrafında çoxlu ssenarilər qurmaq olar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər