6 Yanvar 2021 17:00
6 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

15:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə qərar verib.

Teleqraf.com xəbər verir ki, layihənin reallaşması barədə qərar Türkiyənin “Rəsmi Qəzeti”ndə dərc edilib.

Qeyd edək ki, dekabrın 15-də Ankarada Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq.

Təxminən 500 min əhalisi olan və illik təbii qaz istehlakı 500 milyon kubmetr olan Naxçıvana Azərbaycandan gələn təbii qaz kəməri Qarabağın işğalından sonra sıradan çıxmışdı. Bu müddətdə Naxçıvana təbii qaz İran üzərindən çatdırılırdı.

Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik isə 1,5 milyon kubmetr qaz nəql etmək mümkün olacaq. Bununla da Iğdır-Naxçıvan təbii qaz xətti ilə nəql ediləcək qaz bölgənin mövcud ehtiyaclarını tam ödəyəcək.

Bu layihə ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP təbii qaz kəmərindən sonra Türkiyə ilə Azərbaycan arasında yeni bir xətt inşa ediləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər