6 Yanvar 2021 17:42
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanvarın 5-də OPEC+ ölkələri nazirlərinin 13-cü iclasında neft hasilatının cüzi həcmlərdə artırılması ilə bağlı qərar qəbul edildi. Razılaşmaya əsasən, fevral və mart aylarında hasilat həcmləri müvafiq olaraq gündəlik 75 min barel artırılacaq. Yeni qərarla birlikdə, fevral ayında kvota gündəlik 7,125 milyon barel, mart ayında isə 7,05 milyon barel təşkil edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyib.

Ekspert bildirib ki, OPEC ölkələri içərisində BƏƏ, İraq və Nigeriya kimi ölkələr hasilat artımını dəstəkləsə də, OPEC ölkələrinin tamamında kvota sabit qalıb: “Görünür, Səudiyyə Ərəbistanı bu ölkələri razı salmağı bacarıb. Hasilat artırılması qərarı sadəcə qeyri-OPEC ölkələri olan Rusiya və Qazaxıstana şamil edilib. Belə ki, Rusiya fevral ayında öz hasilatını gündəlik 75 min barel, mart ayında isə əlavə olaraq 65 min barel, ümumilikdə mart ayında yanvar ayı ilə müqayisədə 140 min barel artırmış olacaq. Rusiya açıq bir şəkildə hasilatın artırılmasını dəstəkləyirdi.

Məhz elə bu səbəbdən 1-ci gün keçirilən iclasda razılıq əldə edilə bilmədi. Nəticədə bazarda bir qədər narahatlıq yarandı və Brent markalı neftin qiyməti 50,5 dollara qədər düşdü”.

Analitik hesab edir ki, Səudiyyə Ərəbistanı bazardakı qeyri-müəyyənliyi azaltmaq və konsensusun əldə edilməsinə nail olmaq üçün Rusiyaya bir növ "imtiyaz" tanıyıb: “Bundan əlavə, Səudiyyə fevral və mart aylarında könüllü olaraq hasilatını gündəlik 1 milyon barel azaldacağını bəyan etdi. Səudiyyənin bu qərarı ilə birlikdə neft hasilatı fevral ayında ümumilikdə 8,125 milyon barel, mart ayında isə 8,05 milyon barel azaldılmış olacaq. Zənnimcə, mövcud şərtlər altında OPEC+ ölkələri arasında konsensusun əldə edilməsi və Səudiyyə Ərəbistanının könüllü hasilat azaldılmasına getməsi çox önəmli idi. Bazar bu qərarları müsbət qarşıladı. Nəticədə Brent markalı neftin qiyməti son 11 ayın zirvəsinə-54,63 dollara qədər yüksəldi”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər