2021-ci ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərinin 446,9 milyon ABŞ dolları və ya 759 milyon 717,1 min manat olması proqnozlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, bu da manat ifadəsi ilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2 milyard 866,2 milyon manat və ya 4,8 dəfə az, 2020-ci ilin proqnoz göstəricisindən 369,4 milyon manat və ya 94,6 faiz çox, ötən ilin gözlənilən icra göstəricisindən 798,3 milyon manat və ya 51,2 faiz azdır. 2021-ci il üçün orta illik gəlirlilik göstəricisinin 1,09 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2020-ci ilin proqnoz göstəricisindən (0,53 faiz) 0,56 faiz çoxdur.
Fondun yerləşdirdiyi investisiya alətlərində gəlirliliyin 1 faiz ətrafında olması dünya maliyyə bazarlarında borc öhdəlikləri və pul bazarları portfelinin gəlirliliyinin 2021-ci ildə keçən ilə nisbətən daha aşağı olmasının gözlənilməsi ilə izah oluna bilər.
Buna səbəb koronavirus pandemiyasının qlobal iqtisadiyyata təsiri və ölkələrin iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən yumşaq monetar siyasəti çərçivəsində əksər ölkələrin mərkəzi bankları faiz dərəcələrini ötən il ərzində aşağı salması və maliyyə bazarlarında müşahidə olunan qeyri-müəyyənlikləri qeyd etmək olar. Nəticədə, daha aşağı risk və daha yüksək likvidlik dərəcəsi ilə səciyyələnən istiqrazlara tələbat artaraq yüksək investisiya dərəcəli sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik səviyyələri daha da aşağı düşür.
Eyni zamanda, 2020-ci ilin birinci rübü ərzində pandemiya fonunda dünya iqtisadiyyatında baş verən proseslər qlobal səhm indekslərinin dəyərində kəskin azalma ilə nəticələnib. Aprel-iyun ayları ərzində isə, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələrin virusun qarşısının alınmasındakı nailiyyətləri fonunda qlobal səhm indekslərinin dəyərində yenidən artım müşahidə olunub.
Buna baxmayaraq, səhm bazarlarında davam edən qeyri-müəyyənliklər, eyni zamanda, müşahidə olunan yüksək qiymət dəyişkənliyi dərəcəsini də nəzərə alaraq, 2021-ci il ərzində gəlirliliyin 2 faiz civarında olacağı proqnozlaşdırılır.