8 Yanvar 2021 14:41
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan son illərdə dəfələrlə “Doing Business” reytinqində “ən çox islahat aparan” ölkə kimi ilk 10-luğa düşüb. 2020-ci il hesabatında da yenə Azərbaycan islahatçı ölkələr siyahısındadır, həmin siyahıda Səudiyyə, Tacikistan, Toqo kimi ölkələr də var”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, “Doing Business” hesabatı dünyada kifayət qədər tanınan və istinad edilən sənəddir:

“Azərbaycanın həmin siyahıda pozitiv yer alması, əlbəttə, yaxşı nəticədir. Bu hesabatın öz metodologiyası, hesablama qaydası və alqoritmi var. Müxtəlif sahələr üzrə ballar hesablanır, sonra reytinq müəyyən edilir. Azərbaycanda son illər biznesə başlamaq, sənədləşmə işlərinin aparılması, “Asan İmza” və bu kimi məsələlərin həlli sürətlənib.

Biznesə başlamaq üçün ölkədə sənədləşmə işlərində pozitiv dəyişikliklər var, amma bizdə biznes sahəsində problemlər işə başlayandan sonar meydana çıxır. İndi əsas məsələ sonrakı problemlərin həllidir”.

Natiq Cəfərli hesab edir ki, hər il ən yaxşı islahatçı ölkələrdən biri olmaq o qədər də yaxşı deyil: “İslahat müəyyən mənada “təmir” deməkdir, heç kəs, məsələn, 10 il “təmir” gedən evdə yaşamaq istəməz - təmirin öncədən hədəfləri, başlama və bitmə zamanı olmalıdır. Ona görə də, məsələn, sırf bu kateqoriyada “Doing Business” hesabatlarında heç vaxt inkişaf etmiş ölkələri görə bilməzsiniz, yəni, onlarda “təmir” bitib.

Azərbaycanda da “islahatların” nə zaman, harada, necə bitməsi, təmirin nə zaman sona çatması əsas məsələlərdən biri olmalıdır. Biz dəqiq bilməliyik ki, nə istəyirik, hədəflərimiz nədir, bu hədəflərə çatmaq üçün nə qədər zamana, nə qədər vəsaitə ehtiyac olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər