12 Yanvar 2021 11:25
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mərkəzi Bank Yeni ili təzələnmiş pul nişanları ilə başladı. Təzələnmiş deyəndə, bu nişanların üzərində Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun imzası və müəlliflik hüququ nişanı (©) həkk olunub. Amma pandemiya ilə bağlı kreditlərin ödənilməsindəki çətinlikləri Mərkəzi Bank bu il tənzimləmək istəmədi”.

Teleqraf.com xəbər verir ki, bunu hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O xatırladıb ki, ötən ilin aprel və sentyabr aylarında Mərkəzi Bank digər banklara pandemiya ilə əlaqədar kreditlər üzrə gecikmə olduqda müştərinin kredit tarixçəsini korlamamağı və cərimə hesablamamağı tövsiyə etmişdi: “Bu tövsiyənin qüvvəsi 1 yanvar 2021-ci ildə bitdi.

Pandemiya və hətta sərt karantin rejimi bitməsə də, analoji tövsiyə təkrarlanmadı. Deməli, artıq heç bir güzəşt yoxdur, kreditlər ödənilməlidir.

Əks halda, cərimələr hesablanacaq, kredit tarixçələri korlanacaq, məhkəmə prosesləri başlayacaq, borc alanlara təzyiqlər (həm qanuni, həm də qanunsuz) artacaq.

Bankların isə rəsmi problemli kreditləri artacaq (deməli, əlavə ehtiyat yaratmalıdırlar) və Mərkəzi Bankın kapitallaşma tələbi yenə gündəmə gələcək. Nəzərə alsaq ki, aprelin 5-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanun da qüvvədən düşəcək, böyük ehtimalla, problemli kreditlər portfeli yüksək olan bankların aqibəti ona qədər həll olunacaq”.

Əkrəm Həsənov hesab edir ki, problemli kreditlərin bu dalğası daşınmaz əmlak bazarında xeyli ucuzlaşmaya gətirib çıxaracaq: “Çünki yaxın illər ərzində hərraclarda minlərlə girov qoyulmuş əmlak satılacaq. Təbii, çox ucuz qiymətə. Buna görə də hazırda əmlak almaq istəyənlər gözləmə mövqeyini davam edəcəklər, qiymətlərin daha da düşməsini gözləyəcəklər. Deməli, Bakıda tikinti fəaliyyəti aktuallığını itirəcək. Prinsipcə bu yaxşı haldır, tikinti potensialımızı işğaldan azad olunmuş ərazilərə sərf etməliyik”.

Hüquqşünas bütün bunların fonunda ölkədə, nəhayət ki, müflisləşmə haqqında qanunun təzələnəcəyinə və real işləyəcəyinə ümidlidir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər