“Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi ölkələr üçün geosiyasi əhəmiyyət daşımaqla, iqtisadi əlaqələrin də genişlənməsinə müsbət təsir göstərəcək”.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, bu, nominal ümumi daxili məhsulu (ÜDM) 1 trilyon dollardan çox olan 3 ölkənin birlikdə olması mühüm addımdır: “Digər tərəfdən, 743 milyard dollarlıq ÜDM-lə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-ə malik Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdirlər.
Üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir. Hazırda Azərbaycanla Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4.5 milyard dollardır, son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb.
Azərbaycanla Pakistan arasında illik ticarət dövriyyəsi isə 14.8 milyard dollardır. Ölkələr ticari əməkdaşlığı son iki ildə 80 faizə yaxın genişləndirə biliblər. Göründüyü kimi, Azərbaycanla hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir”.
Vüqar Bayramov Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək vermiş iki qardaş ölkənin işğaldan azad olunan ərazilərin bərpasında daha yaxından iştirak imkanlarının olduğunu da vurğulayıb.