22 Yanvar 2021 17:51
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov Teleqraf.com-a bildirib ki, dünya təcrübəsində iqtisadi zonaların idarəedilməsi sahəsində belə yanaşma məqbul sayılır:

"İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin yaranması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək üçün əhəmiyyət kəsb edir.

Qabaqcıl korporativ idarəetmə standartlarına müvafiq olaraq, Agentliyin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası və İdarə Heyəti formalaşdırılacaq”.

Departament rəhbəri həmçinin qeyd edib ki, Agentliyin yaradılması parkların, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı yeni tənzimləyici və idarəetmə çərçivəsinin formalaşdırılmasına da səbəb olacaq: “Fərmanla bu iqtisadi subyektlərin fəaliyyətinin qiymətləndirilməsi və onların səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanması da nəzərdə tutulub. Sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli və yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcək. 4-cü Sənaye İnqilabının texnologiyalarının ölkəyə transfer edilməsi baxımından da yeni islahat tədbiri mühüm əhəmiyyət kəsb edir”.

Ayaz Müseyibovun sözlərinə görə, bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqində yeni Agentlik və formalaşmış qanunvericilik bazası mühüm rol oynayacaq: “Onu da qeyd edək ki, iqtisadi artımın əsas drayverlərindən biri kimi müvafiq sahənin inkişafı həmişə diqqət mərəzində olub. Aidiyyəti istiqamətlərdə qanunvericilik və inzibati, investisiya məsələləri üzrə dəstək siyasəti realizasiya edilib. Örnək olaraq, müvafiq qanunvericiliyə əsasən, parkların ərazisində 10 il ərzində korporativ vergi üzrə 50 faiz güzəşt, idxal olunan avadanlıqlara, texnoloji vasitələrə görə ƏDV-dən, idxal olunmuş avadanlıqlara, texnoloji vasitələrə görə gömrük rüsumu, həmçinin torpaq və mülkiyyət vergisindən azad olunma nəzərdə tutulub. Müvafiq dəstək siyasətinin nəticəsidir ki, indiyədək sənaye parklarında 3,5 milyard ABŞ dolları investisiya yatırılıb, 3,3 milyard manatlıq satış həyata keçirilib və 25 faiz məhsul ixrac olunub”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər