Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qida qiymətlərindəki artımın qarşısının alınması yönündə verdiyi təlimat qurumları hərəkətə keçirib.
Teleqraf.com xəbər verir ki, Prezident məsələ ilə bağlı yoxlamaların gücləndirilməsi və müəyyən tədbirlərin görülməsini tapşırıb.
Türkiyənin Qida Komitəsinin bu həftə ərzində iclas keçirməsi gözlənilir. Komitə "Ucuz istehlak səfərbərliyi" çərçivəsində məhsul bazasında tədbirlər görəcək. İlkin məlumata görə, ehtiyac meyarına görə vergilərin dəyişdirilməsi, bəzi məhsullara ixrac məhdudiyyətləri, bəziləri üçün satınalma zəmanəti kimi tədbirlər müzakirə olunacaq.
Qarşıdakı dövrlərdə səhm və bazar təqibi aktiv olaraq izlənəcək. Bundan əlavə, iclasda istehsal, ticarət, ehtiyat, paylama, ani qiymət dalğalanmalarına qarşı görüləcək tədbirlər və xərcləri azaltmaq üçün struktur həllər qiymətləndiriləcək.
Qida Komitəsinin əvvəlki iclasında 270 adda məhsulun qiymətlərini nəzarətə götürüldüyü açıqlanmışdı. Növbəti iclasda isə son günlərdə qiymətləri həddən artıq artan zeytun və günəbaxan yağları, uşaq qidası, eləcə də yumurta kimi məhsullar üçün addımların atılacağı gözlənilir.
Ötən il COVID-19 epidemiyası səbəbindən limon, soğan və kartof kimi məhsullara ehtiyac artsa da, ixracatına icazə verildi. Bu iclasda ixracat icazəsi yenidən qiymətləndiriləcək.
Qeyd edək ki, Qida Komitəsinin tərkibinə Mərkəzi Bankın sədri, Xəzinə və Maliyyə naziri, Ticarət naziri, Kənd Təsərrüfatı və Meşə naziri daxildir.