ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş başçısı Canet Yellen ölkənin ilk qadın maliyyə naziri olub.
Teleqraf.com xəbər verir ki, Prezident Co Bayden tərəfindən maliyyə naziri vəzifəsinə namizəd göstərilən Cannet Yelleni Senat təsdiq edib.
Senatın Maliyyə Komissiyası 74 yaşlı iqtisadiyyat professoru Canet Yellenin namizədliyini 15 səs əleyhinə, 84 səs leyhinə olmaqla qəbul edib.
Rədd cavabı verənlərin hamısı Respublikaçılardır. Bu adlardan bəziləri Prezident Co Baydenin 1,9 trilyon dollarlıq koronavirus yardım paketi, vergi və xərcləmə planlarından narahatlığını dilə gətirmişdi.
Yellenin yeni administrasiyanın koronavirus yardım paketinin hədəflərini, ABŞ-ın sanksiyalarını yenidən nəzərdən keçirməsi və maliyyə qaydalarını gücləndirməsi istiqamətində işlərə sürətlə başlayacağı gözlənilir.
Məlumata görə, 1.9 trilyon dollarlıq koronavirus yardım planını elan edən Bayden Amerikanın rəqabət qabiliyyətini dəstəkləyəcək araşdırmalara, infrastruktura, yaşıl enerji layihələrinə və təhsilə 2 trilyon dollar investisiya yatıracağına söz verib.