Xəbər verdiyimiz kimi, ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş başçısı Canet Yellen ölkənin ilk qadın maliyyə naziri olub. Xanım Yellen hələ FED rəhbəri olduğu dövrlərdə bahalı dollar siyasəti ilə tanınıb.
Maraqlıdır, yeni təyinat dolların kursuna necə təsir edəcək?
İqtisadçı-ekspert Pərviz Heydərov Teleqraf.com-a bildirib ki, ABŞ Federal Ehtiyat Sistemi ölkənin heç bir qurumundan asılı deyil: “FED müstəqil fəaliyyət göstərir və müstəqil siyasət yürüdür. Donald Tramp Ağ evin rəhbəri olduğu dövrdə FED-in dolların kursunu bahalaşdırmağa yönəlik siyasəti əleyhinə çıxırdı. Prezident hətta FED rəhbərini uçot dərəcəsini qaldırdığına görə açıq tənqid edirdi. Amma qurum öz işində idi. Belə ki, ölkədə işsizlik səviyyəsinə, iqtisadiyyatın durumuna, ümumi daxili məhsul (ÜDM) artımına və inflyasiyaya baxıb lazımi tədbirləri görürdü.
Cannet Yellin FED-ə rəhbərlik etdiyi dövrdə dolların kursunu bahalaşması və uçot dərəcəsinin artırması kimi tədbirlər ona görə baş verirdi ki, buna şərait var idi. Bu səbəbdən ABŞ iqtisadiyyatı sürətlə inkişaf edirdi, ÜDM artımı, o cümlədən inflyasiya və işsizlik səviyyəsi hökumətin proqnozlaşdırdığı kimi idi.
Cannet Yellen çox güclü xarakterə malik, birmənalı siyasət yürüdən maliyyəçidir. O, yenidən FED rəhbəri olsa, həmin siyasəti davam etdirə bilməz. Çünki artıq bütün dünya iqtisadiyyatında olduğu kimi, ABŞ-da da ÜDM istehsalı, o cümlədən inflyasiya göstəricisi, işsizlik səviyyəsi 1-2 il bundan əvvəlki səviyyədə deyil.
Tənəzzül olmasa da, iqtisadi durğunluq var. Bu, qlobal iqtisadiyyatda pandemiya ilə əlaqədardır. ABŞ-da pandemiyadan əvvəlki iqtisadi artım səngiməyə başlamışdı. FED-in müstəqil qurum olduğunu nəzərə alsaq, Cannet Yellen Maliyyə naziri təyin olunması bu məsələlərə qarışmaq imkanı vermir. O, Maliyyə naziri kimi dövlət büdcəsinin icrasına, iqtisadiyyatın maliyyələşdirilməsi kimi məsələlərə cavabdehlik daşıyan şəxs kimi fəaliyyət göstərəcək.
Onun bu vəzifəyə təyin olunması isə ölkə iqtisadiyyatı ilə bağlı müəyyən addımların atılmasının lazım gəldiyinin göstəricisidir”.
Analitik qeyd edib ki, son 4 il ərzində Tramp administrasiyası Çinlə münasibətləri pisləşdirib, qlobal iqtisadiyyata ziyan gətirən bir sıra addımlar atıb, təcrid siyasəti həyata keçirib: “Tramp “Hər şey Amerikanın mənafeyi üçün” şüarını əlində rəhbər tutaraq dünya iqtisadiyyatının bir sıra prinsipləri əleyhinə gedib. Bütün bunlar dünya iqtisadiyyatının əvvəlki iqtisadi artım templərinin qarşısını alan ən mühüm səbəblərdən biri idi. Pandemiya başlamazdan əvvəl ABŞ-ın Çinlə ticarət əlaqələrinin pozulması dünya iqtisadiyyatı üçün kifayət qədər mənfi təsirlər yaratdı.
Tramp administrasiyasının ikinci dəfə seçilməməsi və Demokratların hakimiyyətə gəlməsi kimi faktorlar Barak Obama dövründəki yumşaq Amerikaya rast gələcəyimizi düşünməyə əsas verir. Çox güman ki, Çinlə münasibətlər tam olmasa da, normallaşacaq. Onsuz da hər iki ölkə arasında ciddi rəqabət var. Onların toqquşması təkcə onların üzü üçün yox, bütövlükdə dünya iqtisadiyyatı üçün arzuolunan hal deyil.
Hazırda dünya iqtisadiyyatı üçün əsas bəlalardan biri pandemiyadır. Bu da aradan götürürlərsə, hesab edirəm ki, qlobal iqtisadiyyat, o cümlədən ABŞ-ı növbəti 4 il ərzində keçməkeçli vəziyyətdən çıxacağına şahid ola bilərik. Hadisələrin gedişatı onu göstərir ki, Çin hər şeydə ABŞ-ı üstələyir və Amerikanın iqtisadi sistemi gözlə görülən səviyyədə olmasa da, müəyyən çatlar verməyə başlayıb. Bu, gələcək üçün konkret proqnoz irəli sürməyə hələlik imkan vermir”.
Azərbaycanda dolların məzənnəsinin dəyişilməsinə gəlincə, Pərviz Heydərov deyib ki, ölkədə dolların məzənnəsi ənənəvi olaraq neft amilindən asılıdır: “Dolların məzənnəsi əvvəl olduğu kimi indi də çox güman 3-4 il bundan sonra və bəlkə bir az da çox neft amildən asılı olacaq. 2021-ci ilin dövlət büdcəsində neftin barelinin qiyməti 40 dollardan götürülüb. Hazırda neftin qiyməti bundan yüksəkdir. Nə qədər ki, bu davam edəcək, dolların məzənnəsinin manata görə dəyişəcəyini gözləməyə dəyməz. Çünki hökumət bunda maraqlı deyil. Bu zaman gərək bütün maliyyə göstəricilərinə, iqtisadi siyasətə yenidən baxmaq lazımdır. Ona görə də bu, hökumət üçün də arzuolunan deyil. Nə qədər ki, neftin qiyməti büdcədə nəzərdə tutulandan yuxarıda olacaq, bu, hökumətə manatın kursunun 1.70 səviyyəsində saxlamağa imkan verəcək.
Azərbaycanın dövlət büdcəsinin xərcləri artıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2.2 milyard manat vəsait ayrılıb, digər tərəfdən hökumətin sosial istiqamətdə müəyyən artımlar həyata keçirmək niyyəti var. Yəni dövlət büdcəsinin xərcləri ildən-ilə artır. Nəzər alaq ki, ötən ilin aprel ayında neftin qiyməti 20 dollara qədər düşmüşdü. Əgər neftin qiyməti müəyyən səbəblərdən yenə düşərsə, ölkədə maliyyə sabitliyinin pozulması real ola bilər. Amma nə qədər ki, neftin qiyməti büdcədə nəzərdə tutulandan yüksəkdir, belə bir vəziyyət gözlənilmir”.