Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun təsisçisi olduğu İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqazda və Orta Asiyada birinci yeri tutan xüsusi statusa layiq görülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Vüqar Bayramov özü məlumat verib.
O bildirib ki, ABŞ-ın Pensilvaniya Universitetinin dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı hazırladığı beynəlxalq hesabat Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında təqdim edilib: “Hesabatın eyni vaxtda dünyanın 100-dən artıq ölkəsində təqdimatı keçirilib. Bu vacib sənəd beynəlxalq maliyyə qurumlarında, o cümlədən Dünya Bankında da təqdim olunub.
Qlobal reytinqin müəyyənləşdirilməsi üçün dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzində sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib. Beynəlxalq qiymətləndirmədə qurucusu olduğum və hazırda rəhbərlik etdiyim, reytinqin nəticələrinə uyğun olaraq 9 ildir ki, Cənubi Qafqazda və Orta Asiyada birinci yeri tutan İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) xüsusi statusa layiq görülüb.
CESD qeyd edilən regionun 2016-2019-ci illər üzrə “Ən mükəməl mərkəzi” elan olunub. CESD Cənubi Qafqaz və Orta Asiyadan bu ada layiq görünən ilk təşkilatdır. Dünyada ikinci dəfə tətbiq olunan bu statusa region üzrə Azərbaycandan hələlik yalnız CESD layiq görülüb. Qeyd edək ki, dünya üzrə eyni nominasiyanın qalibi ABŞ-ın Brukinq İnstitutu olub.
Hələlik dünyada yeganə qlobal qiymətləndirmənin nəticələrinin əks olunduğu nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycandan seçilməsi sevindirici olmaqla yanaşı, mərkəzin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir.
CESD sözügedən hesabatda 20-dən artıq kateqoriya üzrə dünyanın ən aparıcı beyin mərkəzləri siyahısına daxil edilib. Eyni zamanda təşkilat, illik büdcəsi 5 milyon dollardan az olan beyin mərkəzləri arasında dünyada 4-cü olmaqla yanaşı, dünyanın 10 “Ən yaxşı idarə olunan beyin mərkəzi”dir”.