“Növbəti 4 il üçün Avropanın siyasi və iqtisadi prioritetləri 2021-ci ildə müəyyənləşəcək. Bu illər ərzində gözümüz önündə tədricən və radikal olaraq dəyişən Avropa görəcəyik”.
Teleqraf.com xəbər verir ki, iqtisadçı Elman Sadıqov bu fikirdədir.
O, bu qənaətini Almaniya kansleri Angela Merkelin 2021-ci ilin sentyabr ayında keçiriləcək seçkilərdə iştirak etməyəcəyi ilə izah edib: “Kansler siyasətdən gedəcəyini hələ 2 il öncə bəyan etmişdi. Almaniya baş naziri olmağa namizəd sayılan 3 siyasətçinin hər biri kəskin anti-Rusiya mövqeyi ilə Merkeldən fərqlənir. Merkel Rusiya, İran və Suriyaya münasibətdə daha yumşaq siyasət yürütdü”.
Elman Sadıqov hesab edir ki, Avropanın Merkeldən sonra yaranacaq boşluğu doldurmaq üçün praqmatik, nüfuzlu, hamı tərəfindən qəbul olunan savadlı bir siyasətçiyə ehtiyacı var: “Zənnimcə, Azərbaycanın da ən böyük ticarət, həm də strateji tərəfdaşı olan İtaliya atmaq istədiyi addımla bu sahədə böyük bir nailiyyət əldə etmək, Avropada önə çıxmaq istəyir. Əlbəttə, İtaliya Avropa Birliyində Almaniyanı əvəzləmək və onun önünə keçmək iddiasında ola bilməz. Amma ən azı mühüm söz sahibi və nüfuzu daha da yüksələn bir ölkə olacağı görünür.
İtaliyanın iqtisadçı baş nazirə ehtiyacı var və ölkənin getdickə artan büdcə kəsiri, eləcə də iqtisadi çətinliklərdən qorumaq lazımdır. Onun nüfuzu Avropada İtaliyaya həm büdcə kəsirində güzəşt, həm də iqtisadi əlaqələrlə bağlı dividentlər əldə etmək imkanlarını artıracaq. İtaliyanın özünün də mövcud iqtisadi çətinliklərini və növbəti illərdə gözlənilən təlatümləri dəf etməkdə özünü isbatlamış və ideal namizədlərdən olan Avropa Mərkəz Bankının keçmiş sədri Mario Draghi amili həlledici olacaq. Düşünürəm ki, baş nazir kimi Senatda təsdiqlənmə şansı çoxdur”.
Ekspert deyir ki, İtaliyada ehtimal olunan dəyişikliyin Azərbaycana təsirləri olacaq: “Digər tərəfdən, bütün ölkələr qarşıdakı illərdə baş verəcək dəyişikliklərə ciddi hazırlıq (bir çox ölkələrdə bu proseslər çox ciddi, amma pərdə arxasında gedir) mərhələsinə qədəm qoymaqdadır. Həmçinin dünyada baş verən dəyişikliklərin ciddi, geniş və dərin təhlili hər bir ölkə üçün öz yerini və mövqeyini tutmaq üçün çox önəmlidir, həlledicidir.
Acı həqiqətlərdən biri budur ki, erməni lobbisi okeanın o tayında getdikcə fəallaşacaq. Millətlərarası məsələlərdə neytrallığını qorumağa çalışan Merkeli əvəz edən siyasətçinin, dolayısı ilə həm də Avropanın bu istiqamətlərdə mövqeyi sual altındadır. Ermənilər Azərbaycana qarşı dünyada müxtəlif istiqamətlərdən addımlar atacaqlar. Düşünürəm ki, diaspora öz strategiyasında sinerji məsələsini əsas prioriteti hesab etməlidir. Məhz formalaşmaqda olan belə bir vəziyyətdə İtaliyanın nüfuzunun artması və güclənməsi Azərbaycan üçün müsbətdir. Qalır Cənab Draghinin özünün Azərbaycana münasibəti məsələsinin təhlili...”