4 Fevral 2021 15:09
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamının icrasının təmin edilməsi üçün baş nazirin sərəncamı ilə komissiya yaradıldı. 15 gün müddətində işçi qruplarını formalaşdırmalı olan komissiya 7 ay ərzində strategiya layihəsini hazırlayıb başa çatdırmalıdır. Regionun yeni siyasi-iqtisadi reallığı kontekstində hazırlancaq sənəd, eyni zamanda milli prioritetlərin mütləq üstünlüyünü nəzərdə tutacaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, strategiya hazırlandıqdan sonra konkret istiqamətlər üzrə fəaliyyətlər də elan ediləcək: “Eyni zamanda həmin fəaliyyətlərin səmərəliyinin ölçülməsi üçün konkret bençmarkların (istinad nöqtəsi, etalon) hazırlanması da məqsədəuyğundur. Vacib məqamlardan biri də qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq iqtisadi inkişafa təkan verməsidir.

Aydındır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu məqsədlə konsepsiya neftdən asılılığın minimumlaşdırılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir. Bu baxımdan da Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması və fiskal qaydaların tətbiqi vacibdir. Fiskal gəlirlərinin əhəmiyyətli hissəsinin qeyri-neft sektoru hesabına formalaşmasına nail olunmaq iqtisadiyyatın dayanıqlığı baxımdan mütləqdir. Bu, həm də qiymətlərin aşağı və stabil olmasının təmin edilməsinə imkan yarada bilər”.

İqtisadçının qənaətincə, yeni yaradılan komissiya növbəti 5 ildə Azərbaycanda iqtisadi inkişafın gücləndirilməsi üçün sistemli fəaliyyətlərin hazırlanmasını həyata keçirməlidir: “Bu illərin həmçinin Böyük Qayıdış dövrü olacağını nəzərə alsaq, söhbət kifayət qədər strateji müddətdən gedir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər