“Fevralın 1-dən etibarən Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasına baxmayaraq ölkəmizə xaricdən səfərlərlə bağlı qaydalar hələ də dəyişməyib. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, bu qaydaların da dəyişdirilməsinə ehtiyac var”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat hesab edir ki, yoluxma sayı azaldığı, vəziyyətin normallaşdığı halda sərt qaydaların saxlanması Azərbaycana gələn turistlərin sayına təsir göstərə bilər:
“Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa belə, ölkəmizə daxil ola bilməz. Bu baxımdan daha məqsədəuyğun olardı ki, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin”.
İqtisadçının sözlərinə görə, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayış tələb edir: “Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan bir sıra digər ölkələrdə olduğu kimi, bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.
Vüqar Bayramov rəsmi statistikaya istinadən bildirib ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sektorunda 81.5 min vətəndaşımız çalışır: “Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Deməli, səfər qaydalarının yumşaldılması, eyni zamanda məşğulluq baxımdan da vacibdir”.