6 Fevral 2021 15:52
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsiin yaydığı məlumata görə, 2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Teleqraf.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli pərakəndə satış həcmi ilə bağlı bəzi detalları şərh edib.

İqtisadçı deyir ki, bir ölkədə pərakəndə satış dövriyyəsinin yarısına yaxını – 19 milyard 516 milyon manatını sırf ərzağa (içki və tütün məmulatlarına çıxanda) xərclənirsə, həmin ölkə kasıbdır: “Normalda varlı, inkişaf etmiş ölkələrdə ticarət dövriyyəsinin 12-20% arası ərzağa xərclənilir.

Daha bir maraqlı detal: 2019-cu ildə avtomobil yanacağının (benzin və dizel) satış həcmi 2 milyard 310 milyon manat olub. 2019-cu ilin məlumatlarına əsasən, ölkədə 1 milyon 400 min nəqliyyat vasitəsi qeydiyyatda olub. Tutaq ki, bunların hər biri işlək vəziyyətdədirsə, il ərzində hər avtomobil 1650 manatlıq yanacaq istehlak edib, yəni, günə 4 manat 52 qəpik.

2020-ci ildə isə avtomobil yanacağının (benzin, dizel) satış həcmi 2 milyard 40 milyon manat olub. 2020-ci ildə ölkəyə 53729 avtomobil gətirilib. Onları nəzərə almasaq (çünki əsas idxal il sonuna təsadüf edib, deməli, istehlaka ciddi təsiri olmayıb) il ərzində hər avtomobil 1457 manatlıq yanacaq istehlak edib, yəni, günə 4 manatlıq”.

Natiq Cəfərliyə görə, ciddi suallar yaranır: “2020-ci ilin 9 ayını ölkə sərt karantin rejimində keçirib, rayonlararası gediş-gəliş məhdud olub, rayon və şəhərlər arası sərnişindaşıma işləməyib. Bakıda həftələrlə küçələrdə maşın olmurdu, məktəblər, universitetlər, sərhədlər bağlı olub. Bunun da ciddi təsiri var, məsələn, 2019-cu ildə xaricə, əsasən də Gürcüstana maşınla səfər edənlərin sayını nəzərə alsaq, onların ciddi yanacaq istehlak etdiyini təsəvvür etmək çətin deyil. Bütün bunlara rəğmən yanacaq satışının həcmi 2019-cu ilə nisbətən 2020-cı ildə cəmi 270 milyon manat azalıb. Bu necə ola bilər?! Yeganə ehtimal odur ki, 2020-ci ildə benzin satışının leqallaşması artıb, əvvəllər cibə gedən, indi qeydiyyata düşüb. Əgər belədirsə, illərdir cibə gedənlərə görə məsuliyyəti kim daşıyır?”


Müəllif: Yeganə Oqtayqızı