15 Fevral 2021 17:20
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru, DAİR Otellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Samir müəllim, ötən il turizm sektoru nə ilə yadda qaldı?

- Pandemiya səbəbindən tətbiq olunan sərt karantin tədbirləri dünyada turizm sənayesinə böyük zərbə vurub. Turizm və bu sektorun ətrafında olan xidmət sahələri, o cümlədən otelçilik və restoran biznesi böyük bir ziyan çəkib. BMT-nin 2020-ci ilə dair bəyanatlarında deyilir ki, dünya turizm sənayesinin 1.2 trilyon dollar itirə bilər. Bununla yanaşı, dünya üzrə 120 milyon iş yerinin təhlükə altına düşdüyü də bildirilir. Bunlar həyəcanverici rəqəmlərdi.

Azərbaycanda turizm demək olar ki, ikili təsirə məruz qalıb. Ötən il ordumuzun şanlı zəfər yürüşü sayəsində Azərbaycanın tarixi qələbəsi təmin edildi. Deyərdim ki, karantin rejimi yumşalsaydı və işləmək imkanı olsaydı belə, ölkədə hərbi vəziyyət elan olunduğundan bu sektordan nikbin danışmaq olmazdı. Təbii ki, hər iki amil turizmin inkişafına mənfi təsir göstərib.

2020-ci ilin mart ayından başlayan pandemiya ölkədə sərt karantin tədbirlərinin tətbiq edilməsinə rəvac verdi. Bu dövrdə bir sıra dövlət qurumları tərəfindən qadağalar, müxtəlif metodik göstərişlər tərtib olundu. Azərbaycan Dövlət Turizm Agentliyi "Səhman" proqramını tətbiq etdi. Proqram sanitariya və epidemiologiya qaydaları üçün nəzərdə tutulub, pandemiya dövründə otellərin işini tənzimləyən bir sənəddir.

Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) tərəfindən də müxtəlif metodik göstəricilər tərtib olundu. Bununla yanaşı Nazirlər Kabinetinin müəyyən qərarları var ki, onlar otel və restoranların işini indiyə qədər tənzimləyir. Məlumdur ki, ölkəmiz karantindən tam çıxmayıb, yanvarın 25-dən bəri müəyyən yumşalmalar var. Artıq restoranların yerində xidmət göstərməsinə icazə verilir.

Pandemiya nəticəsində sanitar-gigiyena, şəxsi gigiyena kimi qaydalar sərtləşdirilib, müxtəlif yeni qadağalar və qaydalar tətbiq olunub. Bəzi müəssisələr bu qaydaları unutmuşdu. Ümumilikdə mövcud şərait göstərdi ki, turizm sənayesində bu istiqamətdə sərtləşmə izləri bir qədər unudulmuşdu. Aydın məsələdir ki, bütün bu tədbirlər biznesə təsirsiz ötüşmədi. Müxtəlif yeni xərclər ortaya çıxdı, qəbul etmə qabiliyyətinin məhduddlaşdırılması, restoranlarda ara məsafələrin saxlanması kimi tədbirlər sayəsində restoranların tam işləyə bilmədiyini müşahidə etdik.

Restoranlar pandemiyadan əvvəl olduğu qədər qonaq qəbul edə bilmir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu say məhdudlaşdırılıb. Turizm sənayesi uzun müddət durğunluq dövrü yaşadı.

Otellərin fəaliyyətinə qadağa qoyulmamışdı, sadəcə onların fəaliyyəti müxtəlif metodik göstərişlərlə və standarlarla tənzimlənirdi. Yalnız turist olmadığı səbəbindən bu müəssisələr də təbii ki, korluq çəkirlər. Hazırda oxşar vəziyyət davam edir.

Məlumdur ki, vizalar bərpa olunmayıb, beynəlxalq uçuşlar azdır, yalnız xüsusi çarter reyslər təşkil olunur. Yaxın vaxtlarda Rusiya ilə ölkəmiz arasında həftədə iki dəfə təyyarə reyslərinə icazə veriləcək. Buna baxmayaraq dünya turizm bazarında böyük bir canlanma müşahidə etmirik, o cümlədən Azərbaycanda.

- Regionlara gediş-gəliş təmin olunandan sonra daxili turizmdə canlanma varmı?

- Qeyd edim ki, inzibati sərhədlər açılandan, yəni Bakı şəhərindən regionlara gediş-gəliş təmin olunduqdan sonra həftə sonu rayonlara turist axını müşahidə olunur. Hazırda da belədir, həftə sonu otellərin doluluq səviyyəsi yüksəkdir, təxminən 90-100 faiz göstərilir.

Bu rəqəmə istinad edərək demək olar ki, həftə sonu insanlar turizm fəaliyyətinə qatılırlar, maliyyə xərcləyirlər, dincəlirlər, kimisi müalicə olunur və sair. Bu proseslər yeni qaydalara əməl etmə şərtilə həyata keçirilir. Maskaların taxılması, dezinfeksiya işləri, xidmət sahəsində olan dəyişiklikləri nəzərdə tuturam.

- Yaxın perspektivdə turizm sənayesində nə gözlənilir?

- Müşahidələr göstərir ki, virusa yoluxanların sayında kəskin azalmalar var. Bu o deməkdir ki, biz virusun qarşısını ala bilmişik. Tədricən sərt qadağalar da aradan götürüləcək. İnsanlar uzun müddətdir ki, sərt karantin qaydalarının şərtlərinə tabe olub evdə qalıblar. Hesab edirəm ki, bundan sonra daxili bazarda böyük bir canlanma müşahidə olunacaq.

Təəssüf ki, turizm mövsümlərə, bayramlara, hadisələrə, tədbirlərə bağlıdır. Uzunmüddətli istirahət günləri mart ayında gözlənilir. Bu dövrdə ilk canlanmanı müşahidə edəcəyik, şəhər əhalisi regionlara üz tutacaq və daxili turizm bununla işləməyə başlayacaq. Əlbəttə, qarşıdan yay mövsümü gəlir. Buna qədər daxili turizm bazarında müəyyən qədər bərpa işləri görə biləcəyik.

- Xarici turizmin bərpa prosesi necə gedəcək?

- Hesab edirəm ki, ölkəmizə xarici vətəndaşların axınını, o cümlədən Azərbaycan vətəndaşlarının xaricə səfərlərini yenidən bərpa etmək ikinci mərhələdə baş verəcək. Bu, yalnız ölkə daxilində olan epidemioloji şəraitdən və ölkənin qərarlarından asılı deyil. Bu proses gərək qarşılıqlı olsun. Əvvəla pandemiyadan öncə turizm mübadiləsi apardığımız ölkələrlə qarşılıqlı anlaşma olmalıdır. Reyslər, viza proseduraları və digər məsələlər təmin olunmalıdır.

Pandemiya dövrü Azərbaycan turizmini bir az da düşünməyə, bir az da özünə diqqətlə baxmağa və yenidən formalaşmağa imkan verdi. Biz indi yeni perspektivlər görürük. Bir tərəfdən yeni təşviq mexanizmlərini işlədib özümüzə müxtəlif turizm bazarları seçib ölkəmizə turist gətirmək fikrinə düşmüşük. Azərbaycana gələn turistlər ənənəvi olaraq Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Rəsmi statistika onu göstərir ki, Azərbaycana daha çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəlir. Azərbaycanlıların da bu ölkələrə getmə statistikası demək olar ki, eynidir. Rəqəmləri hər zaman təhlil edirik, müşahidələrimiz göstərir ki, son illər ərzində ölkəmizə gələn və gedən turist arasında tarazlıq var, çox da böyük fərq yoxdur. Xaricə gedən Azərbaycan vətəndaşları xaricdən gələn turistlərlə demək olar ki, eyni saydadır.

Xarici ölkələrin müxtəlif təcrübələri var. Niyə biz bunlardan yararlanmayaq?! Bu təcrübələri öz şəraitimizə, istəklərimiziə, qanunlarımıza və iqtisadi imkanlarımıza uyğunlaşdırıb ölkə daxilində tətbiq edə bilərik. Rusiyada təşviqat prosesi getdi. Belə ki, turun qiymətinin bir hissəsini qaytarmaq şərtilə vətəndaşların daxili turizmə qatılmalarını təşviq etdilər. Azərbaycanın bir sıra ölkələrlə elektron viza almaq imkanı yoxdur. Düşünürəm ki, bu ölkələrin sayını artırmalıyıq, qarşılıqlı viza haqqında yeni sazişlər imzalanmalıdır. Turistin rahat gediş-gəlişini təmin etmək üçün nəqliyyat zəruri bir sektordur. Bunu nəzərə alıb yeni reyslər və istiqamətlər açılmalıdır.

Daxili bazarda artıq bir canlanma müşahidə edilir. Epidemioloji vəziyyət normal olsa, turizm sektoru daha da canlanacaq. Qonaqpərvərlik sənayesində çalışan insanları, o cümlədən bu müəssisələrə üz tutan qonaqları tətbiq olunan bu qaydalara riayət etməyə çağırırıq.

- İşğaldan azad olunmuş torpaqların turizm imkanlarını necə dəyərləndirirsiz?

- Qarabağ və ətraf rayonlarda geniş turizm, o cümlədən ekoturizm imkanları var. Ona görə də bu sahədə müxtəlif işlər görülməlidir və görlüəcək də. İşğaldan azad olunmuş rayonların ərazisində milli parklar yaradılmalıdır. Milli parkların məqsədlərindən biri də ətraf mühiti qorumaq şərtilə həmin ərazilərdə müxtəlif turizm və ekoturizm fəaliyyətlərinin yaranmasıdır.

O torpaqlar həm təbii resurslarla, həm də tarixi memarlıq abidələri ilə zəngindir. İnsanlar öz doğma torpaqlarına köçəndən sonra müxtəlif icma əsasında qurulan turizm növlərini - kənd turizmi, aqro turizm, sənətkarlıq, folklor, etnoqrafiya məsələlərini dirçəltmək lazımdır. Həmin torpaqlarda türk etnoqrafiyasını bərpa edib onu hansısa turizm məhsullarının daxilində dünyaya göstərmək lazımdır.

Artıq Qarabağda müəyyən infrastruktur işləri gedir. Təhlükəsizliyin təmin olunması baxımından ərazilərin minalardan təmizlənməsi zəruri prosesdir. Hər bir turizm destinasiyası maraqlı, cəlbedici olmaqla yanaşı, eyni zamanda təhlükəsiz olmalıdır.

Qarabağ ərazisində turizm resurslarının tədqiq olunması işlərində iştirakçıyam. İlk növbədə tədqiqat işləri aparılmalıdır ki, həmin ərazilərdə yeni turizm reyestrləri haqqında olan maraqlı məlumatlar üzə çıxsın. Bunun əsasında yaxın gələcəkdə yeni turizm məhsulları qurmaq olar və həmin məhsulları beynəlxalq turizm bazarlarına çıxararaq Qarabağa aid olan müxtəlif ekoturizm marşrutları təklif etmək olar.

Bununla hətta bir ideoloji məqsədi də həyata keçirə bilərik. Biz Qarabağı yenidən dünyaya göstərə bilərik. Təbii ki, Qarabağda türk irsinin yaşaması və tarixən Azərbaycan torpaqlarının olmasını sübut edən müxtəlif faktlar var. Turizm vasitəsilə bunları dünyaya açıqlamaq lazımdır. Bunlar zəruri proseslərdir, əgər düzgün turizm siyasəti aparılarsa, Qarabağın turizm potensialı geniş vüsət alacaq. Buna zaman lazımdır.


Müəllif: Yeganə Oqtayqızı